“Qəbələ”də daha bir ayrılıq yaşanıb.
Adriel Ba Luanın ardınca komandanın aparıcı fiqurlarından biri komandanı tərk edib.
Domi Massumo bundan sonra “qırmızı-qaralar”ın şərəfini qorumayacaq.
2024/25 mövsümündə I Liqada 16, başa çatan mövsümdə Premyer Liqada 9 qol vuran konqolu “Qəbələ”nin bombardiri hesab olunurdu.
Dominin “Qəbələ” ilə müqaviləsi iyun ayına qədər nəzərdə tutulmuşdu. Baş məşqçi Kaxaber Tsxadadze “14 nömrə”nin xidmətində maraqlı olsa da, o, əvvəlkindən qat-qat artıq maaş təklif edib.
Bunu isə başqa ölkələrdən aldığı sərfəli təkliflərlə əlaqələndirib. Bununla yanaşı, yayda avrokuboklarda mübarizə aparan komandaların birində oynamaq arzusunu dilə gətirib.
Nəticədə “Qəbələ” ilə yeni sözləşmə imzalanmayıb.
Bölgə təmsilçisi Massumoya qədər İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Adriel Ba Lua və Murad Musayevlə yollarını ayırıb, Rza Cəfərovla Sambu Sissokonun icarə müqaviləsi başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ

