Rza Cəfərov icarə əsasında oynadığı “Qəbələ”dən ayrılıb.
Sportinfo.az xəbər verir ki, müqavilə ilə “Neftçi”yə məxsus olan qapıçı bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib.
Kiper yazıb: “Bəzən qısa müddətdə yaşananlar uzun illər yadda qalır…
“Qəbələ”də keçirdiyim bu 6 ay mənim üçün həm futbol, həm də şəxsi inkişaf baxımından çox dəyərli oldu.
Qış transfer dönəmində böyük motivasiya ilə qoşulduğum bu komandada hər gün daha yaxşı olmaq və komandama fayda vermək üçün çalışdım.
Mövsüm ərzində keçirdiyim 9 oyunda bu formanı layiqincə təmsil etməyə çalışdım.
Komanda olaraq çətin və məsuliyyətli bir dönəmdən keçdik. Məqsədimiz uğrunda sona qədər mübarizə apardıq və meydanda olduğum hər dəqiqədə əlimdən gələnin ən yaxşısını verməyə çalışdım.
Futbol mənə bir daha göstərdi ki, ən vacib şey xarakter, birlik və sona qədər inanmaqdır.
Bu müddətdə mənə güvənən rəhbərliyə, məşqçilər heyətinə, birlikdə meydanı paylaşdığım komanda yoldaşlarıma və bizi hər zaman dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.
Burada qazandığım dostluqları, təcrübələri və xatirələri hər zaman xoş şəkildə xatırlayacağam”.
R.Cəfərov 2026-cı ilin əvvəlində icarə əsasında "Qəbələ"yə transfer olunmuşdu.

