“Qəbələ” Premyer Liqadakı yerini qorumağı bacardı.
Mövsümü 11-ci pillədə başa vuraraq pley-off matçına çıxmaq məcburiyyətində qalan bölgə təmsilçisinin rəqibi “Mingəçevir” idi.
I Liqanı 2-ci pillədə başa vuran “nur şəhəri”nin təmsilçisi elitaya yüksəlmək üçün bütün gücünü səfərbər etmişdi.
Lakin möcüzə baş tutmadı. Qəbələlilər təcrübə sayəsində hər imkanda özündən zəif rəqibinə nəfəs almağa imkan vermədən layiq olduğu qələbəni əldə etdi – 2:0.
“Qırmızı-qaralar”ın ən məhsuldar futbolçusu Domi Massumo Sportinfo.az-a verdiyi açıqlamada həm oyun, həm də başa çatan mövsüm barədə fikirlərini dilə gətirib:
“Layiqli qələbə qazandığımızı düşünürəm. Belə matçlarda diqqətli olmaq və sona qədər mübarizə aparmaq mütləqdir. Əks halda cəzala bilərdik. Əsas odur hədəfə çatdıq.
Fikrimcə, pley-offda oynamağı haqq etmirdik. Sadəcə çempionatın gedişində yol verdiyimiz səhvlərə görə bura gəldik.
Digər komandaların futbolçuları hazırda istirahət etdiyi halda, biz “Mingəçevir”lə oyuna hazırlaşırdıq.
Günahkar özümüzük. Vaxtında nələrisə yaxşı etmək lazımdır ki, sonda məyusluq yaşamayasan. Bu, bizim üçün yaxşı dərs oldu”.
Konqodan olan 23 yaşlı futbolçu ötən mövsüm I Liqada 16 qolla “Qəbələ”nin ən sərrast futbolçusu adını qazanmışdısa, bu dəfə eyni statusu 10 qolla qorumağı bacardı.
HƏBİB

