Mövsümün ən simpatik komandası...
Tərəfli-tərəfsiz hər kəsin dediyi ortaq fikir var - "Qəbələ" futbol oynayır!
Nə qədər qəribə səslənsə də dərdi el arasına çıxarılası deyil.
Komanda birinci turdan 30-cu tura qədər normal yox, yaxşı futbol oynayıb
Hətta imkanları qarşılığında çox yaxşı futbol oynayıb.
Əksər oyunlarında rəqiblərindən daha yaxşı çıxış edən, daha çox qol imkanları yaxalayan tərəf olub.
Əvəzində cəmi 5 qələbə qazanıb.
Futbolun bundan ağır qəzəb üzü ola bilməz.
Kimsə deyə bilər ki, 30 oyundan 20-də uduzan komanda necə yaxşı oynaya bilər?
Təsəvvür edin aldığı 20 məğlubiyyətdən 14-ü minimal hesabla qeydə alınıb.
Məncə, təkcə bu statistika çox şeydən xəbər verir.
Çox sayda qaçırılan qol imkanlarını oyunçuların səviyyəsini bağlayanlar az deyil.
Başda baş məşqçi Kaxaber Tsxadadze olmaqla.
Əgər səviyyə bəzən hətta boş qapını nişan ala bilməyəcək qədər aşağıdırsa, həmin səviyyəsi aşağı oyunçular bu qədər baxımlı futbolu, kombinasiyalı hücumları necə qururlar?
Bunun üçün də səviyyə lazımdır axı.
Bölgə klubunda çox qəribə vəziyyət yaranıb.
Adamın klubun rəhbərinə də ürəyi ağrıyır.
Yerlərində heç olmaq istəməzdim.
Tabloya baxanda birmənalı olaraq "baş məşqçi göndərilməlidir" deyirsən.
Meydandakı "Qəbələ"ni görəndə içindən "baş məşqçi nə əla futbol oynadır" demək keçir.
Gəl indi bu ikili hislərini içində qərar ver.
Zaman gedir, pley-off isə çox yaxındadır.
XANOĞLAN / SPORTİNFO.AZ

