Mən bilmirəm «Qəbələ» rəhbərliyi ilə Kaxaber Sxadadze arasında hansı bağlılıq var.
Dünən axşamdan bəri bu sual mənə rahatlıq vermir.
Düşünürəm ki, görən, bu şəxslər gürcü baş məşqçidə nə görüb?
Atam balası, 7:1 nədir? 7:1 e, 7:1! Oynayıb uduzmaq başqadır, «Qəbələ» oynamayıb uduzdu.
«Sabah» istəsəydi belə, bu qədər qol vura bilməzdi. «Qəbələ» müdafiədə hər cür səhvə yol verdi, Rza Cəfərov qapıda hər cür həzimət yaşadı.
«Sabah»la bir ay ərzində beş dəfə qarşılaşan «Qəbələ»nin hələ belə bərbad təsir bağışlamasını xatırlamıram.
Ümumiyyətlə, «Qəbələ» tarixi ərzində nə vaxt bu hesabla yenildiyi də yadıma gəlmir. Əgər klub rəhbərliyinin Kaxadan qorxub çəkinəcəyi, ehtiyat edəcəyi nəsə yoxdursa, onunla müqaviləyə bu gün birtərəfli qaydada xitam verməlidirlər.
Bir azərbaycanlı məşqçi olsaydı ounn yerində, şübhə etmirəm ki, bu qədər səbrli münasibət göstərməzdilər ona. F
inal fitinin səslənməsindən dəqiqələr sonra istefa ərizəsi yazdırıb, təzminat ödəməkdən də imtina edərək yola salardılar.
«Bir atımlıq barıt» deyimi «Qəbələ»nin əyninə biçilib. Bu ilin yanvarındakı iki oyunluq qələbə seriyasından sonra qaramat basıb komandanı.
Qış fasiləsinin ardınca edilən 5 transferin aldadıcı olduğu üzə çıxdı. «Qəbələ» sezonun ilk yarısındakı halına dönüb, hətta ondan da pis vəziyyətdədir.
Hər şey çox pisdir, çox pis!
KAMİL

