"Qəbələ"nin bu günü mənə Kaxaber Tsxadadzenin kluba gəldiyi ili xatırladır.
Söhbət Elmar Baxşıyevinin dönəmindən gedir.
Onda da bugünkü kimi bölgə klubu yaxşı oyun sərgiləyirdi.
Baxımlı oyun, çox sayda real qol imkanları.
Hətta "Qarabağ"a qarşı belə "qırmızı qaralar" yaxşı oyunla yadda qalmağı bacarmışdı.
Amma əsas olan nəticə yox idi.
Bəzən 10 real qol imkanını "Qəbələ" əldən verdiyi halda, rəqibi əlinə düşən bir fürsəti qola çevirirdi.
Nəticədə heç cür sonuncu pillədən qurtulmaq mümkün olmadı.
Davamında sona az qalmış Elmar Baxşıyevlə yollar ayrıldı.
Boşalan posta Kaxaber Tsxadadze gətirildi.
Gürcüstanlı mütəxəssis də vəziyyəti dəyişə bilməyincə klub tarixində ilk dəfə aşağı liqaya yuvarlandı.
Dəyişən tarixdir, hadisələr isə bənzər.
Bu dəfə baş rolda Elmar Baxşıyev yox, Kaxaber Tsxadadzedir.
Görəsən, aqibətləri də eyni olacaqmı?
Yəni Baxşıyev kimi, Kaxaber də istefaya göndəriləcəkmi?
Hər halda, vəziyyət dəyişməsə başqa yol qalmır.
"Qəbələ" rəhbərliyində futbolu bilən, səbrli adamlar cəm olub.
Amma onların da səbri bir yerə qədərdir axı...
XANOĞLAN / SPORTİNFO.AZ

