“Sabah”dakılar bilsin: “Mərhələni adlamaq istəyirik”

5 Mart 16:40 Qəbələ 63
“Sabah”dakılar bilsin: “Mərhələni adlamaq istəyirik”

Yeni ilə ardıcıl iki qələbə ilə başlayan “Qəbələ” Premyer Liqada ardıcıl 5-ci oyunda 3 xala həsrət qaldı.

Halbuki, “qırmızı-qaralar”ın turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax”la qarşılaşmada “qara zolaq”dan çıxacağı gözlənilirdi.

Qonaqların qapıçısı Pedro Mateuşun möhtəşəm seyvlərlə yadda qaldığı matç 1:1 hesabı ilə başa çatdı.

Sportinfo.az-a müsahibə verən “Qəbələ”nin əsas fiqurlarından biri Prins Ovusu sualları cavablandırıb.

- Əsas rəqiblərinizdən birini məğlub edə bilmədiniz. Nə çatmadı? Nə mane oldu?

- Bunun üçün çox çalışdıq. Oyuna istədiyimiz kimi başlamasaq da, ilk hissənin sonlarına yaxın hesabı bərabərləşdirdik. Fasilədən sonra isə çox sayda qol fürsətləri yaxaladıq, rəqibi təzyiq altında saxladıq. Sadəcə, “Karvan”ın qapıçısı inamlı oyun nümayiş etdirdi. Heç-heçədə onun rolu böyükdür. Uduzmaqdansa, 1 xal yaxşıdır.

- Yeni ilə ardıcıl iki qələbə ilə başlamışdınız. Çempionat və kubok oyunları ilə birlikdə 6 matçdır qələbə qazana bilməməyinizin səbəbi nədir?

- Heç nə baş verməyib. Həmin futbolçular, həmin komandadır. Sadəcə bəzən alınmır. Vəziyyətdən çıxış yolları axtarırıq. İnanıram ki, qarşıdakı oyunlarda qələbələr gələcək.

- Növbəti rəqibləriniz “Sabah” və “Neftçi”dir. Sindromu qırmaq inandırıcı görünür?

- Hər ikisi layiqli rəqibdir. Lakin biz rəqiblərə yox, özümüzə baxırıq. Əvvəlki oyunlarda “Neftçi”dən xal almağa yaxın idik. Sadəcə qol imkanlarını boşa vermişdik. “Sabah”la Bakıdakı matçda penaltidən yararlana bilməmişdik. İstənilən rəqibə qarşı oynamaq və uğurlu nəticə qazanmaq mümkündür. Əsas olan öz gücünə inanmaqdır.

- Azərbaycan kubokunda “Qəbələ”nin yarımfinala yüksəlmək şansı nə dərəcədə realdır?

- “Sabah” çox yaxşı komandadır. Baxımlı və sürətli futbol sərgiləyirlər. Ancaq biz bu komanda ilə Bakıda 0:0 oynamağı bacardıq. Meydan və azarkeş amilindən istifadə etməklə mərhələni adlamaq istəyirik. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti