"Neftçi"yə lazım olmadı, yeni klubunda adından söz etdirir

16:05 Qəbələ 229
"Neftçi"yə lazım olmadı, yeni klubunda adından söz etdirir

Buyurun, bu da "Neftçi"yə lazım olmayan Rza Cəfərov.

Mövsümün ikinci yarısını "Qəbələ"də keçirəcək millimizin qapıçısı ilk gündən adından söz etdirir.

Kaxaber Tsxadadzenin onu israrla istəməsinin boş yerə olmadığını göstərir.

Meydanda olduğu 4 görüşdən ikisini qolsuz başa vurub.

Bunlardan biri ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçına təsadüf edir. "Sabah"la səfər meydanında keçirilən görüşün anti qəhrəmanı penalı qaçıran Domi Massumo idisə, qəhrəmanı əla seyvlərlə yadda qalan Cəfərov olmuşdu.

İkincisi Sumqayıtda gerçəkləşdi. Onun oyunun ilk dəqiqələrindən etdiyi fantastik seyv sosial şəbəkələrdə viral oldu.

Qollar buraxdığı "Neftçi" və "Sabah"la görüşlərdə minimal hesablı məğlubiyyətlər qeydə alınıb.

Xüsusilə müqavilə ilə məxsus olduğu "ağ qaralar" qarşı oyunda məğlubiyyətə rəğmən yenə meydanın ən yaxşısı 22 yaşlı kiper idi.

Həmin matçın ilk hissəsinin ən azı 0:5 bitməməsinin bir nömrəli səbəbkarı məhz Rza oldu.

O, ilk dörd görüşdəcə göstərdi ki, aid olduğu yerdə ona qarşı haqsızlıq edilib.

Əsas heyətdəki yerini və vitse kapitanlıq sarğısını ilk andaca əcnəbi Kenan Piriçə verməklə.

Bəzən belə qərarlar da faydalı olur.

Bərkə-boşa düşən oyunçular daha tez böyüyür.

Görünən odur ki, yaşadıqları Cəfərovu sındırmayıb, əksinə iki qat motivasiya edib.

Ki, bu gün bölgə klubunun bir nömrəsinə çevrilə bilib.

Onun gəlişindən sonra "qırmızı qaralar"ın müdafiə xətti də daha inamlı görünür.

Qalır bu cür performansı sabitliyə çevirmək, daha da inkişaf etmək.

Bu yolda gənc oyunçumuza uğurlar arzu edirik.

Tək "Qəbələ"nin yox, futbolumuzun, millimizin onun kimi istedadlı gənclərə hələ çox ehtiyacı var.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti