2026-cı ilə iki qələbəylə başlayan «Qəbələ» Premyer Liqanın son 3 turunda yenə «rels»dən çıxıb.
«Neftçi» və «Sabah»a 0:1 hesabıyla uduzdular, dünən də Sumqayıt səfərindən 1 xalla döndülər.
Qələbəni ovuclarının içlərindən qaçırdılarmı? Demək olmaz.
Amma qaçırdılar yenə də. Adriel Ba Lua ilk hissədə penalti vuruşunu dəqiq yerinə yetirə bilmədi. Bu, artıq neçənci belə haldır.
O nöqtəyə kim yaxınlaşırsa, hədəfə düşə bilmir. Kaxaber Sxadadze isə «bir bu problemi də həll etmək mümkün olsaydı…» tipində açıqlama verir.
Elə bil, problemi mən həll etməliyəm. Yaxud da klubun hansısa funksioneri.
Problem varsa, deməli, onu aradan qaldırmaq mümkündür. Bunun üçün sadəcə, işləmək lazımdır.
Hər məşq prosesində bir neçə dəqiqəni penalti vuruşları üzərində çalışmaq yetərlidir. Sxadadze ona zaman ayırmırsa və ya bunu məqbul hesab eləmirsə, qoy qalsın yenə yana-yana.
«Qəbələ»də kimə penalti zərbəsini yerinə yetirmək tapşırılırsa, öhdəsindən gəlmir. Demək ki, baş məşqçi mövcud problemə indiyədək barmaqarası yanaşıb.
Gərək ona idman direktoru Səbuhi Səfiyarlı, yaxud mətbuat katibi Elnur Məmmədli tapşırmalıdır ki, bunun üzərində işlə?
«Qəbələ» qaçırdığı penaltilərin sayına görə Azərbaycanda rekord qırmağa doğru gedir. Hakimlər bu fürsəti hər komandaya vermir - gərək qədrini bilsinlər.
Kaxa hazırlıq prosesini məlum istiqamətdə qursaydı, «Qəbələ» çoxdan turnir cədvəlində təhlükəli zonadan uzaqlaşmış, liderlər qrupuna yaxınlaşmışdı.
Bu da onun növbəti, özü də çox ciddi səhvidir.
KAMİL

