2026-cı ildə ilk məğlubiyyətini ötən tur “Neftçi”dən alan (0:1) “Qəbələ” növbəti çətin sınaq qarşısındadır.
Elitada qalmaq uğrunda mübarizə aparan bölgə təmsilçisi öz meydanında turnir cədvəlinin lideri, çempionluğa iddialı “Sabah”la qarşılaşacaq.
Fevralın 4-də bu komandalar arasında Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bank Respublika Arena”da baş tutan ilk görüş qolsuz bərabərliklə başa çatmışdı.
Ölkə kuboku ilə Premyer Liqa oyunları arasında fərqin olduğunu nəzərə alsaq, “Sabah” liderliyini möhkəmləndirmək üçün Qəbələdən qələbə ilə qayıtmağa çalışacaq.
Meydan sahibləri isə heç bir halda meydanı xalsız tərk etmək barədə düşünmür.
“Qırmızı-qaralar”ın braziliyalı müdafiəçisi Eduardo Kunde Sportinfo.az-a açıqlamasında komandasının iddiasını ortaya qoyub:
“Doğma meydanda oynamağımız bizim üçün üstünlükdür. Üstəlik, heyətimiz genişlənib, baş məşqçinin rotasiya imkanları yaranıb.
Son oyunlarda uğurlu nəticələr qazanmağımız komandada özünəinam yaradıb. “Sabah” həqiqətən güclü rəqibdir, yaxşı futbol sərgiləyirlər.
Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaq olacaq. İstəyimizə çatmaq üçün meydanda bacardığımızın ən yaxşısını edəcəyik.
“Sabah”ı udacağımıza inanıram. İddialı rəqiblərə qarşı oynayanda, motivasiya bir az fərqli olur.
İnanıram ki, azarkeşlər üçün maraqlı qarşılaşma olacaq”.
Fevralın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da çalınacaq.
HƏBİB

