“Qəbələ”nin qışda heyətinə qatdığı Seydina Keyta daha öncə Azərbaycana gələ bilərmiş.
Seneqaldan olan 33 yaşlı müdafiəçi hələ Latviyada legioner həyatı yaşadığı dönəmdə əlinə belə bir fürsət düşüb.
Lakin üstünə çox getməyib, o dönəmdə dərindən tanımadığı Azərbaycanda oynamağa isti yanaşmayıb.
Ancaq tədricən ölkəmiz haqda bilgiləri zənginləşəndən, “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışını görəndən sonra növbəti ölkədə legioner həyatı yaşamağa qərar verib.
Keyta Sportinfo.az-a açıqlamasında ötən günləri yada salıb:
“Vaxtilə “Qəbələ”də oynamış Dodo və Kristian Torreslə çox yaxşı münasibətə sahibəm. Vaxtilə üçümüz Latviyada eyni klubda - “Liepaya”da komanda yoldaşı olmuşuq.
Dodo həmişə Qəbələnin həm bölgə, həm də futbol komandası barədə xoş sözlər deyirdi, tez-tez nələrisə xatırlayıb danışırdı. Torres isə “Qəbələ”dən başqa “Qarabaö”da da oynayıb deyə, daha geniş məlumatlara sahib idi.
Azərbaycanı daha çox bu iki nəfərin sayəsində tanımağa başladım. Hətta mənim üçün karyeramı burada davam etdirmək imkanı yaranmışdı.
Torresin Azərbaycanda bəzi klublarla əlaqələri var. O, bacarığıma bələd olduğu üçün bir neçə il əvvəl mənə deyirdi ki, istəyirsənsə, haqqında məlumat verim, get, Azərbaycanda oyna.
Lakin həmin vaxt klubla müqaviləm var idi deyə, azad agent statusuna sahiblənmək çətinlik yaratmışdı. Digər tərəfdən, risk etmək də çətin idi.
Eybi yox, gec də olsa gəlib, Dodo ilə Torresin dediklərinin şahidi oldum. Və burada olmaqdan məmnunam”.
Keyta karyerası ərzində vətəni Seneqalla yanaşı, Norveç, Küveyt, Latviya və Litva kimi ölkələrdə legioner həyatı yaşayıb,
HƏBİB

