“Stellenboş”da işlərim yaxşı gedirdi, mütəmadi əsas heyətdə oynayırdım.
Sadəcə, qış fasiləsində komandada dəyişiklik oldu”.
“Qəbələ”nin yeni transferi Turan Manafov Sportinfo.az-a açıqlamasında 6 aylıq legioner həyatının başa çatmasından danışıb.
Ötən il Cənubi Afrika klubu ilə 2 illik müqavilə bağlayan 27 yaşlı müdafiəçinin vətənə dönüşü birmənalı qarşılanmadı.
Halbuki iki ay öncə saytımıza verdiyi müsahibədə “qara qitə”də özünü xoşbəxt etdiyini demiş, hətta azərbaycanlı futbolçulara Afrikada marağın olduğunu demişdi.
Sən demə, baş məşqçi dəyişikliyi solaxay müdafiəçinin planlarını pozub:
“Qış fasiləsində istirahət etmək üçün Azərbaycana gəlmişdim. Dincəldim və geri qayıtdım. Komandaya qoşulanda keçmiş baş məşqçimizin ayrıldığını eşitdim.
Müqavilənin yenilənməsi zamanı maddi planda fikir ayrılığı yaranıb. Başqa klubdan sərfəli təklif alıb deyə, ayrılıb.
Yeni gələn baş məşqçinin yaxından tanıdığı bir neçə futbolçu var. Hansı kluba gedirsə, onları da özü ilə aparır.
Baxdım ki, komandada qarışıqlıq var, futbolçuların çoxu baş məşqçi ilə işləmək istəmir. Motivasiya baxımından problem var idi.
Gedişatda mənə də təsir edəcəkdi. Açığı, klubdan ayrılmaq istəyirdim.
Həmin anda “Qəbələ”dən təklif gəldi və dəyərləndirdim. Başqa iki klubdan da təkliflər var idi.
Vaxtilə özüm “Qəbələ”nin akademiyasında olduğum və komandanın potensialını bildiyim üçün buranı seçdim.
“Qəbələ”ylə 4 aylıq icarə əsasında anlaşmışam. Mövsümün sonuna qədər buradayam. T
əcrübəmdən yararlanaraq komandaya kömək etməyə çalışacam.
Sonra nə olacağını zaman göstərəcək. Çünki “Stellenboş”la müqaviləm 2027-ci ilə qədərdir”.
Turan Manafov “Sumqayıt”,“Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” kimi komandaların heyətində Premyer Liqada 137 matçda 8 qol vurub, 7 assistlə yadda qalıb.
HƏBİB

