Ötən həftə “Şamaxı” üzərində 4:0 hesablı parlaq səfər qələbəsi qazanan “Qəbələ” növbəti sınaqla üz-üzədir.
Bölgə təmsilçisi doğma azarkeşlərinin önündə çempionatın sürpriz kollektivi “İmişli”ni qəbul edəcək.
İlk dövrədə Qubada baş tutan görüşdə qəbələlilər 3 xala yaxın olsa da, buraxılan ikinci qol hərəyə 1 xal qazandırmışdı.
İndiki məqamda qalibiyyət hər iki komanda üçün böyük önəm daşıyır. Xüsusən “Qəbələ” zəfəri bayram edə bilsə, sonuncu pillədəki “Karvan-Yevlax”la xal fərqini artırmaq şansını yaxalayacaq.
Sportinfo.az-a açıqlama verən “qırmızı-qaralar”ın cəzalı baş məşqçisi Kaxaber Tsxadadze oyunla bağlı gözləntilərini dilə gətirib:
“İmişli”ni çox bəyənirəm. Yaxşı təşkilatlanmış, oyun dosti-xəttini qoruyan komandadır.
Xal ehtiyatını zənginləşdirdikləri üçün yunlara rahat çıxırlar. Tələskənlik, narahatlıq yoxdur deyə, istədiklərini həyata keçirməyə çalışırlar.
“Qəbələ”yə ümidim böyükdür. “Şamaxı”ylə görüşə necə hazırlaşmışdıqsa, “İmişli”yə qarşı da o cür motivasiya olacağıq.
4:0 hesablı qələbədə rəqibi yaxşı təhlil etməyimiz böyük rol oynadı. “İmişli”ni də lazımınca analiz edib tapşırıqlarımızı verəcəyik.
Üstəlik, itkilərimiz olmayacaq, oyuna tam heyətlə hazırlaşacağıq. Yeni ildə doğma meydanımızda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Hər iki komanda üçün çətin olacaq”.
Yanvarın 28-də Qəbələ şəhər stadionunda baş tutacaq görüşünm start fiti saat 17:00-da çalınacaq.
HƏBİB

