“Qəbələ”nin “Şamaxı” üzərində qazandığı parlaq qələbədə (4:0) üç futbolçu iştirak etmək imkanından məhrum idi.
Xayme Syerra ilə İbrahim Sanqarenin cəzalı olduğu öncədən bilinirdisə, komandanın aparıcı üzvü Adriel Ba Luanın yoxluğu sual doğururdu.
Düşünmək olardı ki, Fil Dişi Sahilindən olan solaxay zədəli olduğu üçün kənarda qalıb.
Amma yox.
Sən demə, Ba Lua bölgə təmsilçisinin qış təlim-məşq toplanışında iştirak etməyib.
Buna 29 yaşlı cinah oyunçusunun üzləşdiyi sənəd problemi səbəb olub.
Ba Lua istirahət etmək üçün vətəninə yollananda, pasportunun istifadə müddətinin başa çatdığını öyrənib.
Sənədləri qaydasına salmaq, yeni pasportla yenidən viza açdırmaq müəyyən qədər zaman tələb edib.
Klubdakıların gözlərini yolda qoyan Adriel məsələni həll edəndən sonra Azərbaycana qayıdıb.
O, gələn həftədən etibarən kollektiv çalışmalarda iştirak edəcək.
Bir aydır komanda ilə məşq etməyən futbolçunjşun 18-ci turda “İmişli”yə qarşı start heyətində yer alacağı inandırıcı görünmür.
Yanvarın 30-da keçiriləcək “Qəbələ” - “İmişli” görüşü saat 17;00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

