Azərbaycan Premyer Liqasında 2025/26-cı il mövsümünün 16 turu əhatə edən birinci yarı arxada qaldı.
"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.
Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.
İki debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?
Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.
"Qəbələ" ilə davam edirik...
Kaxaber Tsxadadzenin yetirmələri arxada qalan 16 turda oyunu ilə hər kəsin rəğbətini qazana bildi. Məşqçi işi, oyun sistemi bu qədər qabarıq hiss olunurdu.
Futbolda isə vacib olan tabloda yazılandır.
Burada vəziyyət çox acınacaqlıdır.
Sonuncu pillədən kollektivi cəmi iki xal ayırır.
Gürcüstanlı mütəxəssis göstərilən oyunu yaxşı nəticəyə çevirə bilməməyi hər fürsətdə yayda edilən seleksiyanın uğurlu olmamasına bağlayırdı. Bəzən də gənclərin təcrübəsinin azlığını ön plana çıxarırdı.
Dolayısı ilə güclənməyin mütləq olmasını deməyə çalışırdı.
Arifə bir işarə bəsdir. Əbəs deyil ki, təcrübəli "Qəbələ" rəhbərliyi qış fasiləsində ən aktiv klub oldu.
Seydina Keyta və İsmaheel Akinadenin transferi rəsmi olaraq açıqlanıb. Sol cinah müdafiəçisi Yannik Adyumani isə bütün detallarda anlaşma əldə olunub, qalır rəsmi açıqlanması.
Müdafiə və hücum xətti bir qədər də gücləndirilib.
Qalır yaxşı oynamaqla bərabər, yaxşı da xallar yığmaq.
Yox, qışdan sonra da eyni ssenari davam edəcəksə, Kaxaber Tsxadadze çox uzatmadan çemodanını hazırlamağa başlaya bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

