Premyer Liqada yaranmış fasilə dönəmində keçirilən hər yoxlama matçı adama beş oyunun əvəzini bəxş edir.
Biri var, hər həftə, 2-3 oyunda iş başında olmaq, biri də var, bir ay ərzində cəmi 2-3 görüşə baxmaq.
“Araz-Naxçıvan”la “Qəbələ”ni iş başında görmək üçün soyuğun iliklərimizə qədər “işlədiyi” gün həmkarım Mehman Sleymanovla birlikdə Bakı Olimpiya Stadionunun yolunu tutmuşduq.
Naxçıvanlılar oyuna itkilərlə çıxmışdı. Ramon Maçado, Rahil Məmmədov, İosif Paro zədə səbəbindən matçı kənardan izləməyə məhkum idisə, Felipe Santos mübarizəyə ikinci hissədə qoşuldu.
“Qəbələ” isə, ayağında ağrıları olan Murad Musayev xaric, tam gücü ilə rəqibinin önünə çıxmışdı. Hətta baş məşqçi Kaxaber Tsxadadze yeni transferlər İsmaheel Akinade ilə Seydina Keytanı da ilk dəqiqələrdən meydana buraxmışdı.
İlk hissədə naxçıvanlıların yaratdığı təhlükəli vəziyyətləri görəndə, adama elə gəlirdi ki, Andrey Demçenkonun təyinatından sonra “Araz-Naxçıvan” rəqibin daşını daş üstə qoymayacaq.
Ancaq top ən yaxşı halda qəbələlilərin cərimə meydançasına qədər gəlir və elə oradaca hücumlar başa çatırdı. Ayrı-ayrı futbolçuların fərdi ustalığı sayəsində qurulan hücumlarda bitiricilik çatmırdı.
Əvəzində, “Qəbələ” rəqibinə qol vurmağın yolunu göstərdi. 38-ci dəqiqədə əlverişli imkan yaxalayan Prins Ovusu dəqiq zərbə ilə əbəs yerə komandasının Premyer Liqada ən məhsuldar oyunçusu olmadığınıı sübut etdi.
Fasilədən sonra hər iki komandanın heyətində edilən dəyişikliklər belə, görüşün tempini öldürmədi. Yenə “Araz-Naxçıvan” dominant rolunu oynayır, “Qəbələ” pusquda duran ovçu kimi şikarını gözləyirdi.
Yaradılan çoxsaylı qol imkanlarını boşa verən Demçenkonun yetirmələri bir də hakimin 90 dəqiqənin başa çatdığını bildirən fitini səsləndirəndə ayıldı. Onda artıq gec idi.
“Qəbələ” noyabrın 30-unda, 13-cü turda keçirilən qarşılaşmada 2:1 hesabı ilə məğlub etdiyi rəqibini bu dəfə də ağıllı oyunla üstələməyi bacardı.
“Araz-Naxçıvan” isə bu gedişlə Elmar Baxşıyevin ölənlərinə rəhmət oxutduracaq. Təbii ki, Demçenko qısa vaxt ərzində “sehrli çubuğu”nu işə salmağı bacarmasa.
Əgər belə bir çubuğu varsa...
HƏBİB / SPORTİNFO.AZ

