İkisi gəldi, biri yol üstədir, ikisinin yolunu gözləyirlər - Premyer Liqa klubunda

20:00 Qəbələ 287
İkisi gəldi, biri yol üstədir, ikisinin yolunu gözləyirlər - Premyer Liqa klubunda

Premyer Liqadakı yerini qorumaq uğrunda mübarizə aparan “Qəbələ” transfer çalışmalarına ara vermir.

Bölgə təmsilçisi geridə qalan müddət ərzində artıq iki futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

Mərkəz müdafiəçisi Seydina Keyta və hücumçu İsmaheel Akinade bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün tər tökəcək.

Lakin bu, hələ son deyil.

Klub rəsmiləri baş məşqçi Kaxaber Tsxadadzenin istəyinə uyğun olaraq daha üç mövqenin gücləndirilməsi yolunda səfərbər olub.

Qapı, müdafiənin “sol”u və yarımmüdafiənin mərkəzi üçün axtarışlar davam edir.

“Çərçivə” ilə bağlı problem də böyük ölçüdə həllini tapıb. “Neftçi”ylə “Qəbələ” arasında böyük ölçüdə əldə olunan razılığa əsasən, Rza Cəfərov mövsümün sonuna qədər qəbələlilərin formasını geyinəcək.

Müdafiənin sol cinahı üçün yerli futbolçu planlaşdırılır. Tsxadadzeyə bir neçə namizəd təklif olunub ki, gürcü çalışdırıcı götür-qoy edir.

Dayaq yarımmüdafiəçisi isə legioner olacaq. Rəsmilər ani qərarla tələsmək istəmir. Təklif olunan futbolçuları gözdən keçirir, daha bacarıqlısını tapmaq yönündə səbrli davranmağa çalışırlar.

Yaxın 10 gün ərzində mövzuyla bağlı son söz deyiləcək və cari mövsüm üçün legioner mövzusu qapanacaq.

Premyer Liqanın 16 turundan sonra aktivində 8 xal olan “Qəbələ” 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti