Premyer Liqanın ilk yarısında zəif çıxış edən “Qəbələ”nin yollarını ayırmağa hazırlaşdığı ilk futbolçunun kimliyinə aydınlıq gəlib.
Kaxaber Sxadadzenin yanlış seçimlərindən biri olan İbrahim Sanqare “qırmızı-qaralar”ın “qara siyahı“sının ilk sırasında yer alıb.
Elitada qalmağı qarşısına məqsəd qoymuş əyalət təmsilçisi fransalı hücumçuya müqaviləni qarşılıqlı razılıq əsasında rozmağı təklif edib.
Qəbələlilər yayda 1 illik müqavilə imzaladığı 31 yaşlı əcnəbiyə təzminat ödəmək fikrində deyil.
Forvardın son klubu İsrail təmsilçisi “Hapoel Hadera” olub. Bunadək Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”, “Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə “Otelyos”un formasını geyinib.
Onun ölkəmizdəki karyerasının uğursuz alındığını deyə bilərik. Premyer Liqada qol hesabını aça bilməyən Sanqare yalnız ölkə kubokunun 1/8 final mərhələsində “Şəfa“nın qapısına iki dəfə yol tapıb.
O, çempionatımızda bir penaltini qaçırmaqla yanaşı, “Kəpəz“lə görüşdə qırmızı vərəqə almasıyla yadda qalıb.
SPORTİNFO.AZ

