«Qəbələ»nin oyunu ilə nəticəsi arasında böyük uçurum var.
Normal futbol sərgiləyən komandadır.
Nəticəyə deyil də, baxımlı futbola əsasən xal verilsə, «Qəbələ» Premyer Liqanın liderlər qrupunda yer alar.
«Qarabağ»a uduzdular, heyfsləndim, açığı. Ən pis halda 1 xala layiq idilər.
O cür sürətin, pressinqin, qol fürsətlərinin qarşılığında meydandan yenə məğlub ayrılmaları təəssüf doğurdu məndə. Ənənəvi fərdi səhvlər yekunda sözünü dedi.
Kaxaber Sxadadzeni dəli eləsə, bu yanlışlar etməyəcək təkcə. Bu gürcünün özüylə bağlı ciddi problemi var bir də.
Hakimi söydü bu dəfə. O, qarşılaşmanın 41-ci dəqiqəsində Əli Əliyevin ünvanına ağır ifadələr işlətdi. Verdiyi qərara görə
Həmin epizodda top “Qəbələ”nin futbolçusuna dəymədən qapı xəttini keçir. Lakin referi künc zərbəsinə işarə verir.
Bu isə gürcü mütəxəssisi özündən çıxarır. Sxadadze hakimin qərarına etiraz olaraq ona təhqir yağdırır.
Br müddət öncə “Neftçi”nin baş məşqçisi Samir Abasovu “Qarabağ“la derbidən (0:2) sonra hakimləri təhqir etdiyi əks olunan videogörüntülərə görə cəzalandıran AFFA İntizam Komitəsinin Sxadadzeni də 4 matçlıq diskvalifikasiya edəcəyi ehtimal olunur.
Bu qərar çıxarılsa, “Qəbələ“ etiraz etməməlidir. Səbəbkarın özü isə çıxıb üzr istəməlidir. Həm klub rəhbərliyindən, həm futbol ictimaiyyətindən, həm də azarkeşlərdən.
Əli Əliyev matç ərzində ciddi xəta etmədi. Nəticəyə təsir göstərmədi. Yanlış korner qərarı heç nədir, hansı oyunda bu cür hadisələr baş vermir ki?
Hakim hər səhvindən dolayı belə söyüləcəksə, onda day nə oldu..?
Kaxa uzun illər «İnter»də işləyib. Doqquz il sonra «Qəbələ»nin dəvəti ilə Azərbaycana qayıdıb, amma neyləyəsən ki, o, hələ də köhnə illərdə qalıb.
«Qəbələ»nin «İnter» olmadığını yenə anlamayıb. Elə çempionatın da həmin çempionat olmadığını başa düşməyib.
O «İnter» idi, hakimlərə qucaq-qucaq pul paylayırdı arxa qapıdan. Neçəsi bu klubdan qeyri-rəsmi formada maaş alırdı.
«İnter»in qazandığı pullala özünə ev-eşik tikən, biznes quranlar olub. Kaxanin ağlı gedib onlara.
Onda kimi «söyüb-sulayırdısa», yəqin fikirləşib ki, yenə eyni şeyi təkrarlasa, AFFA-nın tükü də tərpənməyəcək.
Deyib ki: «Mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi. Bəlkə də mənə elə gəlib. Amma gözlər adamı aldatmır. Təki mən yanılım.
Bəzi epizodlarda hakimin qərarları mübahisələrə səbəb olurdu».
Baş hakim Əli Əliyev "Qarabağ"ın əvəzedici komandasında oynayıb. Bunu əldə bayraq edib, onun "Qarabağ"ın oyunlarına təyinat almasını əngəlləməkmi lazımdır?
Gənc referinin "Qəbələ"yə qarşı hansısa art niyyəti olsaydı, elə Kaxanın özünü işlətdiyi o sözlərə görə texniki zonadan kənarlaşdırardı. Gürcü çalışdırıcı elə danışır ki, sanki onun gözü rentgen aparatıdır.
Kaxanın adamı belə rentgen etməyi varsa, niyə yayda komandaya normal futbolçular tapmayıb? Yeddi legioner gətirib, biri fərli çıxmayıb.
Əliyevin gözündə özünə qarşı nifrəti oxuduğunu iddia edən baş məşqçi necə olur ki, 3 ay ərzində nəzərdən keçirdiyi onlarla oyunçunun içərisində ən pisləri seçib?
Adama deyərlər də - öz gözündə tiri görmürsən, başqasının gözündə çöp axtarırsan.
KAMİL

