Kaxaber Sxzadadzeni «Qəbələ»dən günlər ayırmır.
O, hələlik buradadır və daha bir müddət də burada qalacaq.
Fevraldan tez getməyəcək. Həmin tarixədək vaxtı var.
«Qəbələ» mövsümün 10-cu məğlubiyyətini Yevlaxda aldı. Turnir cədvəlinin alt sıraları üçün olduqca əhəmiyyət daşıyan oyunda «Kəpəz»ə uduzdular.
Bu, Kaxa üçün ayrılığın başlanğıcı sayıla bilər.
«Qəbələ»nin problemləri yalnız müdafiə zonasını əhatə etmir. Ümumiyyətlə, çatışmazlıqları çoxdur. Premyer Liqanın 15 turu ərzində bu komandadan az qol (10) vuran ikinci iştirakçı yoxdur.
Aollahın «Karvan»ı belə, onlardan 1 dəfə artıq fərqlənib. Bu da o deməkdir ki, gürcü baş məşqçi qış fasiləsində yeni hücumçu tapmalıdır.
Daha 3-4 mövqeyi diqqətdə saxlamaq, ora da transfer etmək şərtiylə.
Tutaq ki, gözlənilən oyunçular gəldi, «Qəbələ» ağ günə çıxacaqmı? Doğrusu, bu da şübhəlidir və sual altındadır.
Yayda Kaxanın 3 ay vaxtı oldu seçim etməyə. Üç ay da bir igidin ömrüdür. Gürcü bu zamanı boşuna xərclədi, düşərgəni elə-belə legionerlərlə doldurdu.
Klubun idarəçiləri ona necə ümid olsun ki, 3 aya üç normal oyunçu seçə bilməyən Sxadadze qarşıdakı qısa müddətdə maşının altını «vurmayacaq»?
Onun görən gözü var e, amma bu, sırf taktika və analiz etmək üçündür.
Yaxşısı budur, seleksiya işinə yaxın buraxmasınlar bu dəfə onu. Yenə qaş düzəldən yerdə vurub göz çıxaracaq.
ELXAN

