“Paltardəyişmə otağında bütün komandadan üzr istədi” – Rahat dincələ bilməyəcək

21:20 Qəbələ 204
“Paltardəyişmə otağında bütün komandadan üzr istədi” – Rahat dincələ bilməyəcək

“Qəbələ” elitada qalmaq uğrunda əsas rəqiblərindən olan “Kəpəz”ə yeganə qolla uduzdu.

Gəncəlilərin qələbə qazanmasında qəbələlilərin 36-cı dəqiqədən azlıqda qalması böyük rol oynadı.

Matçdan sonra son dərəcə üzgün görünən futbolçulardan Domi Massumo ilə söhbətdə bəzi suallara cavab almağa çalışdıq.

22 yaşlı konqolu vinger Sportinfo.az-a müsahibəsində komandasını azlıqda qoyan İbrahim Sanqarenin üzr istədiyini dedi.

- Məğlubiyyətlə bağlı fikirlərin maraqlıdır.

- Uduzmağı ağlımızdan keçirmirdik. Bura qələbə dalınca gəlmişdik. Lakin oyun başlayandan səhvlərimiz sıralandı. İlk hissə başa çatmadan aldığımız qırmızı vərəqə isə bütün planları alt-üst etdi. Təxminən bir saat 10 nəfərin 11 nəfərə qarşı oynaması çətindir. Qapımızda sadə qol gördük və uduzduq.

- Sanqare sizi çətin vəziyyətdə qoyduğuna görə üzr istədi?

- Bəli-bəli. Oyundan sonra paltardəyişmə otağında bütün komandadan üzr istədi. Kobudluğu bilərəkdən etmədiyini dedi. Onun fikrincə, oyunu həmin “qırmızı”ya görə uduzduq. Lakin mən bu fikirlə razılaşmıram. Futbolda o qədər belə hal olub ki, azlıqda qalan komanda meydanı qalib tərk edib. Yenilgiyə görə tək İbrahimi günahlandırmaq düzgün deyil. Hamımız səhv etmişik.

- Çempionatda “Araz-Naxçıvan”, Azərbaycan kubokunda “Şəfa” üzərində qələbələrdən sonra futbolçuların rahatlaşması uduzmağınızın bir səbəbi ola bilər?

- Bu, qətiyyən ola bilməz. Çünki hgündəlik məşqlərimiz zamanı baş məşqçimiz bizə bunu xatırladırdı. Deyirdi, hələ heç nə etməmişik, rahatlaşmaq olmaz. Komandada məsuliyyət var idi. Həm də Premyer Liqadakı 3 xal bizə heç nə vermir. Yerimizi qorumaq istəyiriksə, qələbələrin sayı çox olmalıdır. Sadəcə “Kəpəz”lə görüşdə əvvəlki iki oyundakı qədər sürətli, dözümlü və səhvsiz ola bilmədik.

- “Kəpəz” uddu, yoxsa “Qəbələ” uduzdu?

- Hər ikisi oldu. Biz “Kəpəz”ə udmaq şansı yaratmaqla özümüzü uduzdurduq. Onların qolu zamanı diqqətli olsaydıq, meydanı azı 1 xalla tərk edə bilərdik. Tək müdafiədə yox, hücumların qurulması zamanı da səhvlər edirdik.

- “Qarabağ”la oyundan sonra istirahətə yollanacaqsız. İstədiyin kimi dincələ biləcəksən?

- Bu əhval-ruhiyyə ilə təbii ki, yox. Yaxşı dincəlmək üçün əhvalın yerində olmalıdır, həyəcan yaşamamalısan.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!