Dekabrın 8-də Premyer Liqanın 14-cü turundakı baş tutmalı olan “Qəbələ” – “Turan Tovuz” qarşılaşması sona çatdırılmadı.
Bölgədə müşahidə olunan qatı duman səbəbindən oyun 24-cü dəqiqədə yarımçıq dayandırıldı.
Matçın bir gün sonra – dekabrın 9-da davam etdirilməsi gözlənilsə də, bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edildi.
Təqvimdə sıxlıq olduğundan, oyunun bu ilin sonuna qədər keçirilməsi mümkünsüzdür. Peşəkar Futbol Liqası yaxın günlərdə qarşılaşmanın 2026-cı ilə təyin olunması ilə bağlı məlumat verəcək.
Belə olacağı halda qarşılaşma qaldığı dəqiqədən davam etdiriləcək, yoxsa 90 dəqiqə oynanılacaq?
Matç bir gün sonra keçirilsəydi, qaldığı yerdən davam etməsi mümkün görünərdi. Lakin 1-2 ay sonraya təyin olunacaqsa, təbii ki, “sıfır”dan başlamalı olacaq.
Qaldığı yerdən davam etməsi üçün oyun protokolunda qeyd olunan adlar dekabrın 8-dəkinə uyğun olmalıdır. Yəni start heyətində və ehtiyat oyunçular skamyasındakı “23-lük”lər eynilik təşkil etməlidir.
Qarşıdan qış fasiləsi gəlir. Komandaların heyətini gücləndirəcəyi və ya hansısa futbolçularla yolların ayrılacağı istisna olunmur.
Bura mümkün zədəli və cəzalı futbolçuların ehtimalını də əlavə etsək, ortaya əlavə problemlərin çıxacağı şübhə doğurmur.
Odur ki, “Qəbələ” – “Turan Tovuz” görüşü 2026-cı ildə yenidən keçirilsə, qaldığı yerdən davam etdirilməyəcək, 90 dəqiqə oynanılacaq.
HƏBİB / SPORTİNFO.AZ

