Dekabrın 8-də Premyer Liqanın 14-cü turundakı baş tutmalı olan “Qəbələ” – “Turan Tovuz” qarşılaşması sona çatdırılmadı.
Bölgədə müşahidə olunan qatı duman səbəbindən oyun 24-cü dəqiqədə yarımçıq dayandırıldı.
Matçın bir gün sonra – dekabrın 9-da davam etdirilməsi gözlənilsə də, bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edildi.
İndi sual doğuran əsas məqam yarımçıq dayandırılan oyunun hansı tarixdə keçiriləcəyidir.
Qarşılaşma 2026-cı ildə baş tutacaq. Bu qənaətə gəlmək üçün təqvimə göz gəzdirmək kifayət edir.
“Qəbələ” dekabrın 14-də Yevlaxda “Kəpəz”in qonağı olacaq, bir həftə sonra doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
“Turan Tovuz” isə dekabrın 13-də Tovuzda “Sabah”ı qonaq edəcək, ayın 19-da “Kəpəz”lə Yevlaxda üz-üzə gələcək.
Göründüyü kimi, dekabrın 14-21-i aralığında komandalar 4 oyun keçirmək məcburiyyətindədir. 16-cı turun yekununda isə hər iki kollektivin üzvləri istirahətə yollanacaq.
Peşəkar Futbol Liqası “Qəbələ” və “Turan Tovuz”un təqvim sıxlığından əziyyət çəkməməsi, eyni zamanda narazılıq dalğasının baş qaldırmaması üçün 2026-cı ili gözləmək məcburiyyətindədir.
HƏBİB / SPORTİNFO.AZ

