“Vurduğum iki qol həm komandaya, həm də özümə inam gətirdi.
Hazırda özümü çox yaxşı hiss edirəm. Bu, həm mənim, həm də klub üçün lazım idi.
Sevinirəm ki, komandanın mərhələ adlamasında pay sahibi oldum”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin legioneri İbrahim Sanqare deyib.
31 yaşlı fransalı hücumçu Azərbaycan Kubokunda “Şəfa” üzərində 2:1 hesablı qələbədən və həmin matçda dubl müəllifi olmasından danışıb:
“Oyun çox gərgin keçdi. Bizim bu cür qarşılaşmalara ehtiyacımız var.
Düşünürəm ki, matç bir qədər ağır alındı. Əgər avrokuboklara vəsiqə uğrunda mübarizə varsa, bu, təbiidir.
Turnirin belə keçməsinin səbəbi də rəqabətin yüksək, oyunların isə çətin olmasıdır”.
Sanqare 1/4 finalda “Sabah”la rəqib olmalarına da münasibət bildirib:
“Sabah” böyük klubdur, amma bizim komandamız da zəif deyil. Əgər yaxşı oyun göstərsək, bu cür matçlarda qələbə qazana bilərik.
İnanıram ki, bunu edə bilərik. Nə olur-olsun, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

