Premyer Liqada 13-cü turun maraqlı oyunlarından biri Qəbələdə baş tutacaq.
Elitada qalmaq uğrunda mübarizə aparan bölgənin eyniadlı komandası avrokuboklar uğrunda vəsiqəni əldə etməyə çalışan “Araz-Naxçıvan”ı qəbul edəcək.
İndiki vəziyyətdə komandalar arasındakı səviyyə fərqi yerlə göy qədərdir. “Qəbələ” son 4 oyunun hamısını məğlub başa vurub, üstəlik, rəqib qapılarına yol tapa bilməyib.
Naxçıvan təmsilçisi isə “Karvan Yevlax”ı udub, “Turan Tovuz”la heç-heçə edəndən sonra növbəti 3 xalın sorağındadır.
“Qırmızı-qaralar”ın əsas siması sayılan Adriel Ba Lua Sportinfo.az-a verdiyi açıqlamada qarşıdakı görüşlə bağlı fikirlərini dilə gətirib:
“Söhbət təkcə “Araz-Naxçıvan”dan getmir. Qarşıda bizi biri-birindən çətin beç oyun gözləyir.
“Araz”dan sonra “Şəfa”yla kubok qarşılaşması var, ardınca “Turan Tovuz”, “Kəpəz” və “Qarabağ”.
Vacib xalları itirə-itirə gedirik. Hazırda çətin vəziyyətdəyik.
Bu durumdan çıxmaq üçün bizə 1 xal da bəs edəcək. Önəmli olan xal sayını artırıb əhval-ruhiyyəni yaxşılaşdırmaqdır.
“Araz”la Qəbələdə oynamağın üstünlük olduğunu düşünmürəm. Öz meydanımızda oynadıq, yaxud rəqibin stadionunda – fərq etmir.
Bu gün bizə vacib olan qol vurmaq, müdafiədə səhvlərə yol verməməkdir. Harada oynamağımıza yox, meydandakı oyunumuza diqqət ayırmalıyıq, səhvləri düzəltməliyik”.
Noyabrın 30-da Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 16:30-da start götürəcək.
HƏBİB

