
Küsdürməyin, qədrini bilin
“Qəbələ”ylə “Şamaxı”ya yeganə qolla uduzduğu oyundan sonra baş verən hadisənin görüntülərinə baxdım.
Bir qrup yerli azarkeş baş məşqçi Kaxaber Tsxadadzeni istefaya səsləyib, gürcü mütəxəssis də əsəblərinə hakim olmayaraq onların üstünə yeriyib, ətrafdakılar onu güclə sakitləşdirib.
Sonra da Kaxayla bağlı yaxın keçmişi yada salıb, turnir cədvəlinə göz gəzdirdim.
Bu məşqçi qat-qat az maaş müqabilində işləməyə razılıq verib, azarkeşlərə komandanı I Liqada elitaya qaytaracağına söz vermişdi və yekunda sözünü tutmuşdu.
Bu məşqçi hazırda Premyer Liqada məşqçilik edən ən təcrübəlilərdən sayılır. Oyun dəsti-xətti hiss olunur.
Bu məşqçi Eşqin Əhmədov, Süleyman Damadayev, Şahin Şahniyarov, Nicat Əliyev kimi “akademiya uşaqları”na start heyətində Fərid İsgəndərov, Ziya Şəkərxanov kimi gənclərə əvəzetmədən güvənməklə azərbaycanlıların inkişafına çalışan adamdır. Bu gün elitada start “11-liy”ində 5 yerliyə güvənən neçə məşqçi saya bilərsiniz?
“Qəbələ” yayda heyətin yarısından çoxunu dəyişib və bu gün heç də qapazaltı statusunu daşımır.
“Qəbələ” əsas rəqiblərindən olan “Kəpəz”i 3 cavabsız qolla məğlub edib, “Karvan-Yevlax”la bərabərə qalıb, hazırda 4 xala sahibdir. Bu göstəricidə yalnız gəncəliləri qabaqlamaqla 8-9-cu pillələrdəki “Neftçi”ylə “İmişli”dən cəmi 4 xal geridə qalır. Cəmi 4 xal.
Çempionatın 7 turuna şahidlik etmişik. Heç ilk dövrə başa çatmayıb. Əsl mübarizə irəlidədir. Belə olduğu halda baş məşqçiyə yaranan aqressiyanın arxasında nə dayanır?
“Qəbələ” hər meydanı çıxdığı oyunda qapısından 3-5 top buraxıb, özünə tay rəqiblərin hamısına məğlub olsaydı, azarkeşlərin narazılığını ikiəlli dəstəkləmək olardı.
“Zirə”ylə “Araz-Naxçıvan” kimi avrokubok iddiaçıları ilə başa-baş futbol oynayıb, hər iki halda 1:2 hesabı ilə uduzub. “Turan Tovuz”la qarşılaşmada bəxtsizlikdən 1 qolla yenilib.“Qarabağ” kimi nəhənglə 90 dəqiqə mübarizə aparıb, meydanı 0:2 məğlub tərk edib.
Bir futbolçu 10-cu saniyədə qırmızı vərəqə alırsa, digər futbolçu standart vəziyyət zamanı əlinə hakim ola bilmirsə, bir başqası rəqibin qol vurmasına tamaşa edirsə, ganhkar baş məşqçi deyil axı.
“Qəbələ” çempionatımızın yaraşığıdır. Və bu komanda Premyer Liqaya əlavə rəng qatır. Azarkeşlər bir yumruq ətrafında birləşib “Qəbələ”nin uğurlu nəticələr qazanması üçün əlindən gələni etməlidir. “İstefa” qışqırmaq uğura aparan yol deyil.
Sabah Kaxa getsin, başqası gəlsin. Mövcud imkanlarla nə dəyişəcək ki?
Baş məşqçinizi qədrini bilin, komandanızı qoruyun, əl-ələ verib işıqlı gələcəyə ümid edin. Yalnız bu yolla rəqiblərinizi özünüzlə hesablaşmağa məcbur edə bilərsiniz.
Yeri gəlmişkən, Tsxadadzenin tribunanın önündə o şəkildə aqressivlik göstərməsi də normal qəbul oluna bilməz. Təcrübəli çalışdırıcı hər bir vəziyyətdə çıxış yolu tapmalı, siyasi bacarığını işə salmalıdır.
Uğurlar, “Qəbələ”!
HƏBİB / SPORTİNFO.AZ