
“Qəbələ” yenə qələbə qazanmadı. Halbuki rəqib bu yolda münasib görünən “Şamaxı” idi. Əslində Kaxaber Tsxadadzenin yetirmələri yenə pis görünmədilər. Xüsusilə ikinci yarı üstünlük “qırmızı qaralar”ın tərəfində idi. Oyunda tarazlığı yaratmaq üçün dəfələrlə fürsətləri oldu. Amma bunlar sağa-sola xərclənincə məğlubiyyət qaçılmaz oldu.
Matçdan sonra isə yerli publika gürcüstanlı mütəxəssisi istefaya səsləyib. Biz bu gedişatı hələ ötən həftə yazmışdıq.
Bəli, “Qəbələ” bu mövsüm yaxşı oyun ortaya qoyan 2-3 kollektivdən biridir. Amma yaxşı oyuna nəsə verən yoxdur. Qələbə qazanmaq mütləqdir.
Və budur, fanatlar əcnəbi mütəxəssisə qapını göstərdilər. Heç təəccüblənmədim. Azarkeşin yaxşı nəticə tələb etməsi onun doğal haqqıdır.
Mənim başa düşə bilmədiyim, təcrübəli çalışdırıcının azarkeşlərə etiraz etməsi oldu. Hətta tribunaya tərəf irəliləyərək polemika aparmağa cəhd etdi.
Son anda klubun digər əməkdaşları araya girdi. Kaxaberin bu addımının məntiqi izahı yoxdur.
Azarkeşə güc göstərməklə, təzyiq etməklə odun üstünə benzin tökmüş olur.
Enerjini futbolçularına sərf et, qələbənin reseptini axtar. Daha sənin fanatlarla nə işin var?
Olmaya, gözləyirsən ki, komanda hər oyun uduzsun, azarkeşlər də sənin nağıllarına tamaşa etsin? Futbolda belə şey olmur. Olursa da maksimum 5 həftə davam edir. Daha yarım il yox…
XANOĞLAN İMANOV