
"Qəbələ" idman klubunun 20 yaşı arxada qaldı.
Bu kluba tərəfli-tərəfsiz hər kəsin rəğbəti var. Bu cür münasibət heç də səbəbsiz deyil. Uzun illər damla-damla formalaşıb.
Azərbaycan futbolunda bir çox imkanlı klublar olub/var.
Amma heç biri "Qəbələ" qədər Azərbaycan futboluna xidmət etməyib.
Əbəs deyil ki, tarixə baxış edəndə görürük ki, pulu olanda Azərbaycan futboluna ən çox xidmət edən klub məhz "Qəbələ" olub.
İdarəçi yetişdirib, futbolçu yetişdirib, infrastruktur qurub, məşqçi yetişdirib və.s.
Uğurları da yox deyil. İki dəfə Avropa Liqasında qrup mərhələsi oynayıb. "Qarabağ"dan sonra ən yaxşı göstəricidir.
Bundan önəmlisi isə yetişdirdikləridir.
Nəticələr tarixdə qalıb, amma yetişdirdikləri kadrlar bu gün də ölkə futboluna xidmət edir.
İnfrastrukturundan bütün klublar faydalanır, yetirmələri ölkənin dörd bir yanına yayılıb.
Fariz Nəcəfov kimi alicənab rəhbəri olan bölgə komandası kasıb olanda da mərd kimi davranmasını bildi.
Birinci Liqaya endi, çempion kimi geri qayıtdı.
Belə bir düzənin formalaşdığı kollektivin ölkə futbolunda olması vacibdir.
Bütün "Qəbələ" sevərləri təbrik edir, yaxın gələcəkdə ötən/pullu günlərinə geri qayıtmağı arzu edirik.
XANOĞLAN İMANOV