
«Qəbələ»nin baş məşqçisi Kaxaber Sxadadze klub rəhbərliyinin təklifi ilə razılaşmayıb.
O, komandanın Qəbələdən Bakıya köçürülməsi fikrini dəstəkləməyib.
Daha öncə xəbər verdiyimiz kimi, idarəçilər əsas komandanın rayondan paytaxta köçürülməsi təşəbbüsü irəli sürüb.
Yönətim mövcud problemləri sadalayıb, Bakıda məskunlaşmağın çıxış yolu olmasını əsaslandırmağa çalışıb.
Onların bildirdiyinə görə, Bakıdan kənarda yerləşmələri səbəbindən bir çox legionerlər bura gəlməkdən imtina edib.
Üstəlik, Qəbələdə qalmaq kluba baha başa gəlir. Belə ki, təkcə aylıq otel və qida xərcləri 40 min manatı keçir. Yalnız yeməyə 20 min manat sərf olunur.
Gürcüstanlı mütəxəssisin diqqətinə çatdırılıb ki, əgər kollektivi Bakıya aparmağa razılıq versə, heyəti daha üst səviyyədə gücləndirmək mümkündür.
Plan belədir: futbolçular üçün kirayə ev tutulacaq, gündəlik məşqlər isə «Turan Tovuz»un Kurdəxanı qəsəbəsində yerləşən yeni təlim-məşq bazasında keçiriləcək.
Bu praktika «Qəbələ»yə yaxşı tanışdır. «Qırmızı-qaralar» düz 10 il - 2014-2024-cü illər aralığında Bakıda məskunlaşıb.
Yuri Syominin vaxtından başlayaraq, komanda paytaxta üz tutub. 2024-cü ilin martında sükan arxasına keçən Kaxaber Sxadadze iyuldan etibarən bu «ənənə»ni pozub, hamını Qəbələyə qaytarıb.
O, yenə mövqeyini dəyişməyib. Baş məşqçi bütün məsuliyyəti öz üzərinə götürüb, paytaxta köçün mənfi fəsadlar verəcəyini söyləyib.
Gürcü çalışdırıcı açıq şəkildə bildirib ki, rayonda yerləşməsini bəhanə gətirib bura gəlməkdən imtina edən legionerlərə görə narahat deyil.
Sxadadze şərait amilinə diqqət çəkib, Bakıda addımbaşı meydança problemi ilə üzləşəcəklərini qeyd edib.
Həmçinin özünün də Qəbələdə yaşamaqdan məmnun olduğunu, şəhərdə isə sıxılacağını, odur ki, komandanı nəzarətdə saxlaya bilməyəcəyini açıqlayıb.
SPORTİNFO.AZ