Qəbələ dağlarında isveçrəli futbolçununun başına gələn hadisədən siz də xəbər tutun!

21:20 Qəbələ 296
Qəbələ dağlarında isveçrəli futbolçununun başına gələn hadisədən siz də xəbər tutun!

Vaxtilə ölkəmizdə legioner həyatı yaşayan Daniel Subotiç Azərbaycanda qarşılaşdığı maraqlı əhvalatları hələ də xatırlayır

“Qəbələ”nin formasını geyindiyi dönəmlərdə komanda yoldaşları ilə unudulmaz günlər yaşayan isveçrəli hücumçu həmin anların təsiri altındadır.

Subotiç keçmiş komanda yoldaşı Nizami Hacıyevlə yaşadığı unudulmaz olayı Sportinfo.az-a nəql edib:

“Nizami ilə Bakıda və Qəbələdə başımıza o qədər iş gəlib ki. Hamısını açıb danışmaq olmur. Ancaq birini sizinlə bölüşə bilərəm.

Bir dəfə qələbə qazandığımız oyundan sonra Qəbələdə dağa qalxmağı qərara almışdıq. Qəbələdə qalırdıq deyə, şəxsi avtomobillərdən istifadə etmirdik. Tanış taksilər var idi, lazım olanda onlara zəng edirdik.

Hər nə isə, qələbəni dağda qeyd etmək qərarına gəldik və taksi çağırdıq. Köhnə model sovet avtomobili idi, yüksəkliyə qalxdıq. Doyunca yeyib-içdik, deyib-güldük və geri qayıtmağa hazırlaşırdıq ki...

Sürücü nə qədər çalışsa da, maşın xoda düşmədi. Məlum oldu ki, çən boşduq, yanacaq qurtarıb. Nə edək? Necə edək? Nizami sürücüyə dedi, onsuz da yolun çoxu enişdir, “neytral”a qoy, biz arxadan itələyək.

Deməli, maşını itələyərdik, üzü aşağı gedirdi, biz də arxasınca qaçırdıq. Elə ki, eniş qurtarırdı, maşın da dayanırdı. Yenə itələyib dalınca düşürdük (qəhqəhə çəkir).

Bu şəkildə maşını dağdan Qəbələyə qədər gətirdik. Şəhərə çatanda yeyub-içməkdən əsər-əlamət qalmamışdı. Guya istirahətə biz getmişdik, ancaq dincələn maşın oldu (gülür)”.

Subotiç 2013/14 mövsümündə və 2016/17 mövsümünün ikinci yarısında bölgə təmsilçisinin heyətində meydana çıxdığı 41 oyunda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...