
Bir ildən sonra Premyer Liqaya qayıdan «Qəbələ»də gözlənilməz ayrılıq yaşanıb.
I Liqanın çempionu olaraq yenidən elitanın yolunu tutan «qırmızı-qaralar» Elvin Yunuszadə ilə vidalaşıb.
Baş məşqçi Kaxaber Sxadadze 1 aylıq götür-qoydan sonra millinin sabiq müdafiəçisi ilə müqavilənin uzadılmamasını istəyib. Beləcə, «Neftçi»nin 33 yaşlı yetirməsinin «Qəbələ» karyerası 1 ilin tamamında daşa çatıb.
"Qəbələ” hələ mayın axırında 5 futbolçusu ilə yollarını ayırıb.
Bölgə təmsilçisinin qapıçısı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzadılmayıb.
Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb. Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.
SPORTİNFO.AZ