
1 illik fasilədən sonra Premyer Liqaya qayıdan “Qəbələ”də yeni mövsümün transfer hazırlıqlarına start verilib.
Bölgə təmsilçisi tərk edən futbolçuların adı rəsmən açıqlanıb.
Samir Həsənov, Ruslan Vorontsov və Müşfiq Nadirovla başa çatan sözləşmənin müddəti uzadılmayıb. Oçe Oçoveçi müqavilə ilə məxsus olduğu “Krivbass”a, İbrahim Ramazanov isə “Turan Tovuz”a qayıdıb.
Emil Süleymanov isə “Şamaxı”nın baş məşqçi Ayxan Abbasovun istəyinə uyğun olaraq bu kluba icarəyə verilib.
Sportinfo.az-a verilən məlumata görə, daha bir futbolçu Kaxaber Tsxadadzenin Premyer Liqa planlarına uyğun deyil.
Bu, nigeriyalı hücumçu Abdullahi Şuaybudur.
Afrikalı futbolçunun “Qəbələ” ilə daha 1 illik müqaviləsinin qüvvədə olması klub rəsmilərinin işini çətinə salıb. Şuaybunu “çox sağ ol” deyərək yola salmaq hüquqi baxımdan mümkün deyil.
Çıxış yolu onu hansısa kluba icarəyə vermək, ya da transferə çıxarmaqdır. Hazırda bu yöndə müəyyən işlər görülür.
HƏBİB