
I Liqanı çempion qismindıə başa vuraraq Premyer Liqaya vəsiqə qazanan “Qəbələ”də heyətin gücləndirilməsi yönündə müəyyən işlər görülməkdədir.
Kaxaber Tsxadadzenin göz qoyduğu 10-dan artıq futbolçu var ki, onların bölgə klubu ilə müqavilə bağlaması yolunda danışıqlar davam edir.
Lakin indiyə qədər heç biri ilə razılıq əldə olunmayıb. Mövsüm yeni başa çatıb deyə, futbolçular təklifləri götür-qoy edir, aralarından ən sərfəlisini seçməyə çalışır.
O ki qaldı komandadan ayrılacaq adlara, hələ ki, “Şamaxı”ya icarəyə verilən Emil Süleymanovla gürcü çalışdırıcının planlarına daxil olmayan Ruslan Vorontsovun gələcək taleyinə aydınlıq gəlib.
Hə, bir də “qırmızı-qaralar”la icarə müqaviləsi başa çatan Oke Okoveçi “Krivbass”a qayıdıb.
Çempionluğun əldə olunmasında əməyi keçən akademiyanın yetirmələrinin böyük əksəriyyəti Premyer Liqada şans qazanacaq. Kaxa gənclərə şans verməkdə maraqlıdır.
Mümkün ayrılıq Asif Məmmədovla bağlı ola bilər. Avqustda 39 yaşı tamam olacaq təcrübəli yarımmüdafiəçi yaxın günlərdə gələcəyi ilə bağlı qərar verəcək.
Futbolçu karyerasını başa vursa belə, “Qəbələ”də qalıb məşqçilikdə ilk addımlarını Tsxadadzenin yanında atacaq.
Təcrübəlilər - Səlahət Ağayevlə Elvin Yunuszadənin “Qəbələ” ilə sözləşməsinin müddəti başa çatıb. Futbolçularla müqavilənin yenilənməsi ilə bağlı ilkin danışıqlar olsa da, yekun qərar qəbul olunmayıb.
Tərəflərdən hansısa biri daha yaxşı şərtlərlə təklif alsa, ayrılıq qaçılmaz olacaq. Klub bu məsələdə gözləmə mövqeyini tutur.
İllərdir Qəbələ təmsilçisinin şərəfini qoruyan Murad Musayevin klublə müqaviləsi var. O, növbəti mövsümüdə “Qəbələ”nin sıralarında olacaq.
Çempionluqda böyük pay sahiblərindən olan iki legioner – Domi Massumo ilə Abdullahi Şuaybunun bölgə təmsilçisi ilə davam etməsi qaçılmazdır.
Çünki hər iki afrikalının “Qəbələ” ilə müqaviləsi davam edir. Hansısa klub onları transfer etməkdə maraqlı olmasa, yəni “Qəbələ”nin maddi qazanc əldə etməsi gündəmə gəlməsə, burada qalacaqlar.
HƏBİB / SPORTİNFO.AZ