
I Liqanın çempionu adını qazanan “Qəbələ”də ciddi dəyişikliklər baş verməyəcək.
Komandanın özəyini akademiyada yetişən gənclər təşkil etdiyindən, onların komandada saxlanılması vacib sayılıb.
Hələ ki, yalnız Emil Süleymanovun “Şamaxı”da icarə əsasında oynayacağı dəqiqləşib.
Növbəti mövsümdə bölgə təmsilçisinin heyətində olmayacaq iki nəfərin adı bizə məlumdur.
Nigeriyalı Oke Okoveçi ilə yollar ayrılıb. Daha doğrusu, hücumçu ilə nəzərdə tutulan icarə müqaviləsi başa çatdığından, o, “Krivbass”a qayıtmalı olub.
Ruslan Vorontsov da özünə yeni iş yeri axtarmalıdır. Təcrübəli forvard baş məşqçi Kaxaber Tsxadadzenin Premyer Liqa planlarına daxil deyil.
Gürcüstanlı mütəxəssis heyətinin 70-80 faizinin qorunmasında maraqlıdır. Lakin komandanın yeni futbolçularla güclənməsinin vacibliyini də rəhbərliyin diqqətinə çatdırıb.
HƏBİB / SPORTİNFO.AZ