
“Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərsələr, növbəti mövsüm elitada yüksək yerlər uğrunda mübarizə aparacağıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin kapitanı Asif Məmmədov I Liqanın XXXVI turunda evdə “Zaqatala”nı 4:0 hesabı ilə məğlub etdikləri oyun haqda deyib.
36 yaşlı yarımmüdafiəçi mövsüm ərzində məğlub edə bilmədikləri Zaqatala təmsilçisi üzərində qələbə qazanmalarından məmnunluq ifadə edib.
O, oyunun gedişində baş verən gərginlikdən də danışıb:
“Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Mövsüm ərzində yalnız “Zaqatala”ya qalib gələ bilməmişdik, əsas istəyimiz bu komandanı yenmək idi. Çempion olmuşuq, sevincliyik. İndidən sonrakı məqsədimiz Premyer Liqada daha yaxşı çıxış etməkdir. Futbolda mübahisələr baş verə bilir. Gərək, olmasın. Belədə daha yaxşı olar. Amma bu, futboldur, şahmat deyil. Əslində şahmatda da olur. Futbolda belə anlar oyunun içində qalır, sonra isə unudulur”.
Məmmədov 2025/2026 mövsümündə “Qəbələ”nin Premyer Liqada hədəflərindən də danışıb: “İndidən deyim ki, biz hansısa yer uğrunda oynayacağıq, düz çıxmaz. Amma biz oradayıqsa, əlimizdən gələni edəcəyik ki, turnir cədvəlinin yuxarı pillələrində olaq. Komanda yeni yığılacaq. İndidən nəsə demək çətindir. Bunu zaman göstərəcək".
Təcrübəli kapitan karyerasını elitada davam etdirib-etdirməyəcəyi barədə qərarını qətiləşdirmədiyini qeyd edib: “Düzü, hələ onu dəqiqləşdirməmişəm. Rəhbərliklə oturub danışacağıq. Məşqçilik? Görək də... Yaxşı olar. Hələ ki, nə isə demək çətindir”.