
"Qəbələ" Kaxaber Tsxadadzenin rəhbərliyi altında bir illik aradan sonra Premyer Liqaya qayıtmağı bacardı.
Hamımız bilirik ki, Kaxaberə ölkəmizdə münasibət birmənalı deyil.
"İnter"dəki (indiki "Şamaxı") işinə görə onu bəyənənlərlə bərabər, milyonlar qarşılığında xüsusilə avrokuboklarda ciddi nəticə qazanmadığı üçün güclü baş məşqçi kimi qəbul etməyənlər də az deyil.
Ötən mövsüm "Qəbələ"ni Premyer Liqada saxlamaq üçün sona 8 tur qalmış ölkəmizə dəvət olunmuşdu. Amma missiyanı tamamlamağı bacarmadı. "Qırmızı qaralar" elitanı tərk etdi.
Əcnəbi çalışdırıcını uğursuz nəticəyə görə tam da qınamaq doğru olmazdı. Çünki komandanı özü yığmamışdı və çox çətin vəziyyətdə baş məşqçi postuna təyinat almışdı.
Birinci Liqada qazanılan erkən çempionluq təqdirəlayiqdir. Amma Kaxaberin özünü təsdiq etməsi demək deyil.
Çünki "Qəbələ" büdcəsinə, heyətinə və şəraitinə görə rəqiblərini bir yox, bir neçə baş üstələyirdi.
Belədə çempionluq əldə edilməsi tam məntiqəuyğundur. Fövqaladə nəsə baş verməyib.
Gürcüstanlı mütəxəssis üçün əsl sınaq meydanı, özünü təsdiq anı məhz indi başlayır.
Artıq indidən Premyer Liqanın yeni mövsümü üçün hazırlıqlara başlandığı sirr deyil.
Özü heyəti quracaq, təlim-məşq toplanışı üçün yetəri qədər zamanı olacaq.
Meydandakı nəticələr birbaşa onun adına, bacarığına bağlı olacaq.
Nə uğursuzluğuna bəhanə yeri qalacaq, nə də uğurlu çıxışına dil uzatmaq mümkün olacaq.
XANOĞLAN İMANOV