“Gözünə heç nə görünmür, sonra gəlib yeməkxanada zarafat edir” – O, çox dəyişib?

7 May 21:20 Qəbələ 470
“Gözünə heç nə görünmür, sonra gəlib yeməkxanada zarafat edir” – O, çox dəyişib?

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze verdiyi sözü yerinə yetirdi.

Ötən mövsümün yekunlarına görə bölgə təmsilçisini elitada saxlaya bilməyən gürcü çalışdırıcı I Liqada çalışmağa razılıq verməklə alqış qazanmışdı.

Rəhbərliklə söhbətdə “qırmızı-qaralar”ı yenidən Premyer Liqaya qaytaracağına dair vəd verən Tsxadadze mövsümün yekununa həftələr qalmış missiyanı yerinə yetirdi.

İllər öncə Kaxa ilə işləmək əksər futbolçuların ürəyincə deyildi. Çılğınlığı və kobudluğu ilə fərqlənən çalışdırıcı artıq yaşa dolub və bəzi keyfiyyətlərində dəyişiklik edib.

“Qəbələ”nin aparıcı üzvlərindən olan müdafiəçi Murad Musayev Sportinfo.az-a açıqlamasında 56 yaşlı mütəxəssis barədə danışıb:

“Baş məşqçimiz olduqca tələbkardır. Emosional olmağı da tələbkarlığından irəli gəlir.

Onun üçün əsas prinsip tələbkarlıqdır. Bu, təkcə Tsxadadzedə yox, bəzi məşqçilərdə belədir.

Bəzən əsəbiləşir, qışqırır. İş olan yerdə bu, normaldır. Sadəcə, biz elə mühitdə böyümüşük ki, bizə qışqırmaq, acıqlanmaz olmaz.

Bir də baxırsan, meydanda hirslənir, gözünə heç nə görünmür, sonra gəlib yeməkxanada deyib-gülür, zarafat edir.

Hər birimizlə dost kimidir. Və açıq deyim ki, ondan çox şey öyrənirəm”.

Kaxaber Tsxadadze “Qəbələ”dən əvvəl “Standard” və “İnter” komandalarını çalışdırıb.

Onun rəhbərliyi dövründə “İnter” 2010-cu ildə Azərbaycan çempionu olub, bir il sonra “Birlik kuboku”nu Bakıya gətirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti