«Qəbələ» tezliklə Bakıya köçə bilər.
Bu, klub rəhbərliyinin niyyətidir.
Rayon təmsilçisinin mənsubları Kaxaber Sxadadzeni seçim qarşısında qoyub.
2024-cü ilin martiından bəri burada çalışan gürcüstanlı mütəxəssisdən komandanın paytaxta köçürülməsinə razılıq verməsi istənilib.
Plana əsasən, kollektiv gündəlik məşqlərini Bakıda keçməli, yalnız ev oyunlarından 1 gün qabaq Qəbələyə qayıtmalıdır.
Baş məşqçinin diqqətinə çatdırılıb ki, əyalətdə məskunlaşmaq onlara qətiyyən sərf eləmir. Həm xərc, həm də seleksiya baxımından.
Belə ki, danışıqlar aparılan legionerlərin bir çoxu Bakıdan kənarda yaşamaq istəmədiyini deyərək, «Qəbələ»nin dəvətini geri çevirib.
Artıq 10-dan artıq əcnəbi «qırmızı-qaralar»ın təklifinə analoji cavab verib. Rəsmilər narahatdır ki, bu gedişlə heyəti gücləndirə bilməyəcəklər.
«Qəbələ» mənsubları «İmişli», «Turan Tovuz» və «Araz-Naxçıvan»ı Sxadadzeyə nümunə çəkib. Bildiriblər ki, adıçəkilən region təmsilçiləri Bakıda məskunlaşmaqla bir çox problemlərdən qurtulub.
«Qəbələ» Premyer Liqada qalmaq tapşırığının öhdəsindən son anda gəlib. Sumqayıtda keçirilən pley-off görüşündə «Mingəçevir»ə 2:0 hesabıyla qalib gəliblər.
SPORTİNFO.AZ

