COP29

Ağır günlər yaşayan klubda sədaqət və böyüklük nümunəsi – Bunu kim edərdi?

29 May 21:20 Qəbələ 1 004
Ağır günlər yaşayan klubda sədaqət və böyüklük nümunəsi – Bunu kim edərdi?

Kaxaber Tsxadadze mövsümün həssas dönəmində “Qəbələ”nin başına keçəndə nə demişdi?

Demişdi ki, burada çalışmaq xoşdur, hər cür şərait var, komandanın hazırkı vəziyyətinə üzülürəm və ən vacibi “Qəbələ”ni elitada saxlamaq üçün əlimizdən gələni edəcəyik.

Çox çalışdı, gecəsini gündüzünə qatıb işlədi, lakin illərlə topladığı təcrübə ona “qırmızı-qaralar”ı növbəti mövsümdə Premyer Liqada mübarizə aparmağa kifayət etmədi.

Bu adam hər zaman yüksək maaşlı və yüksək hədəfli komandaları çalışdırıb, Azərbaycan çempionu olub, “Birlik kuboku”nu Rusiyadan Azərbaycana gətirib. 5-10 il əvvəl kimsə Kaxanın Birinci Liqada işləyəcəyinə inanmazdı.

Gürcü çalışdırıcı məlum qərarı verməklə işinə hörmət, kluba sədaqət göstərdi. Onsuz da, bura az maaşa gəlmişdi.

I Liqada isə əvvəlkindən də az qazanacaq. Yəni pulun marağında olsaydı, “Sumqayıt”la oyundan sonra çantasını yığıb gedərdi.

Getmədi, qaldı. Qaldı ki, “Qəbələ”ni yenidən özünə doğma olan yerə - elitaya qaytarsın. Onu Birinci Liqada hansı çətinliklərin gözlədiyini yaxşı bilir. Yad deyil ki, illərini burada keçirib, hər şeydən xəbəri var.

Sədaqət və insanlıq nümunəsi budur. Tsxadadze “pul çox şeydir, ancaq hər şey demək deyil” deyiminə söykənərək bir çoxlarına nümunə olacaq addım atdı.

Adının çəkisindəki ağırlığı da göz önünə almadı. Ki, mən Gürcüstan millisini çalışdırmış adamam, aşağı dəstədə, yararsız stadionlarda, aşağı keyfiyyətli futbolda nə işim var?

Gürcü mütəxəssisə əhsən! Ümid edək ki, “Qəbələ” növbəti mövsümdə Premyer Liqaya qayıdacaq və futbol ictimaiyyəti bu komandanı yenidən əvvəlkitək əzəmətli görəcək.

Emosianal Kaxanın davranışları və açıqlamaları çempionatımıza xüsusi rəng qatacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"