Günlər öncə verdiyimiz xəbər doğrulandı - “Qəbələ” dünən baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzaladı.
Gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.
55 yaşlı çalışdırıcı və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də qalacaq.
K.Sxadadze 2024-cü il fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub.
O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02), “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.
Sxadadze martda gəldiyi və Premyer Liqada saxlaya bilmədiyi «qırmızı-qaralar»ı I Liqanın çempionu etməlidir. Hər halda o, belə bir öhdəlik götürüb.
Növbəti mövsümdə nəticədən çox şey asılı olacaq - əgər qarşısına qoyulan məqsədi yerinə yetirsə, yəni, komandanı elitaya qaytarsa, 30 min manat bonus alacaq.
Bu isə I Liqada alacağı maaşın kompensasiyası olacaq. Çünki gürcü indiki məvacibindən bir qədər aşağı məbləğə 1 il çalışmağa razılaşıb.
SPORTİNFO.AZ


