COP29

“Prezident olsaydım, heyəti dəyişərdim” – Hələ belə açıqlamalar olmamışdı!

20 May 20:00 Qəbələ 1 378
“Prezident olsaydım, heyəti dəyişərdim” – Hələ belə açıqlamalar olmamışdı!

“Qəbələ”nin Mərakeş kökənli belçikalı yarımmüdafiəçisi Əyyub Allaş Sportinfo.az-a müsahibə verib.

Komandasının elita ilə vidalaşması rəsmiləşəndən sonra “Səbail” və “Sabah”la oyunlarda rəqib qapılarına yol tapan “Anderlext”in yetirməsi sualları cavablandırarkən maraqlı cavablarla yadda qalıb.

- Ardıcıl qələbələrdən sonra əhval-ruhiyyədə dəyişiklik var?

- Bu qələbələri vaxtında qazanmaq daha yaxşı olardı. Ancaq həyat elədir ki, Allahın işini qarışmaq olmaz. Deməli, xeyirlisi bu imiş. İndi məni daha çox sevindirən xarakter göstərməyimizdir. Komanda olaraq qələbə ruhumuzu qoruyub-saxladığımızı nümayiş etdiririk. Vaxtında bir qələbə qazansaydıq, inanın, davamı gələcəkdi.

- Vaxtında qələbə qazanmağınıza kim, yaxud nə mane olurdu?

- Psixoloji amil və qeyri-dəqiqlik. Çox yaxşı futbol oynayırdıq. Ayrı-ayrı oyunlar göstərə bilərəm ki, 100 faiz qalib gəlməli olduğumuz halda uduzmuşuq. Ya qol şanslarından yararlana bilmirdik, ya da hədsiz həyəcan var idi. Adi bir şey deyim, bir-birimizə ötürmə verəndə qorxurduq ki, top ünvana çatmaz, rəqib əks-hücum qurar. Qapıya zərbə vuranda düşünürdük, birdən hədəfə düşməz, vaxt əleyhimizə işləyər. O qədər gərgin idik ki. Sözlə ifadə edə bilmirəm.

- Bəlkə gənc futbolçulara şans verilməsi komandaya “yeni qan” gətirib?

- Bura gələn gündən “Qəbələ” akademiyasında istedadlı gənclərin yetişdiyini eşitmişdim. Bu gün də bacarıqlı oyunçuların olduğunu görürəm. Özüm də vaxtilə 18-19 yaşlarımda əsas komandaya cəlb olunanda həvəsli idim, meydanda canımı qoyurdum. “Səbail” və “Sabah” kimi güclü rəqiblərə qarşı əsl döyüşçülər kimi mübarizə apardılar. Təcrübəli futbolçularla çiyin-çiyinə oynamaq üçün əllərinə yaxşı imkan düşüb. Bundan maksimum yararlanıb özlərini göstərməlidirlər. 26 yaşım var və bu gün özüm də nəsə öyrənirəm, nəsə göstərməyə çalışıram.

- Təsəvvür et ki, “Qəbələ”nin prezidenti, yaxud baş məşqçisisən. AFFA İcraiyyə Komitəsi növbəti mövsümdə komanda sayının artırılması ilə bağlı qərar qəbul etsə, hazırkı heyəti saxlayarsan, yoxsa qapını göstərərsən? (müsahibə komitənin iclasından öncə baş tutub – H.)

- Dünyanın harasında olursan ol, bir komanda nəticə vermirsə, onu dəyişməlisən. Demək ki, mexanizm işləmir. Bu il alınmadısa, gələn il də eynisi olacaq. Prezident olsaydım, əlbəttə, heyəti dəyişərdim. Heç kim uğursuzluğu görə-görə yenidən təkrarlanmasını istəməz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"