COP29

Təcrübəli ərköyün - O, mütləq Premyer Liqa komandasında oynamalıdır?

16 May 21:20 Qəbələ 2 514
Təcrübəli ərköyün - O, mütləq Premyer Liqa komandasında oynamalıdır?

“Qəbələ” – “Sabah” görüşünün sonuncu dəqiqəsi idi.

Hesabda 2:0 öndə olan yerli komandanın baş məşqçisi Kaxaber Tsxadadze müdafiə xəttini gücləndirmək məqsədi ilə əvəzetmələrə əl atmaq qərarına gəlmişdi.

Lukas Afriko ilə Nicat Əliyev meydana daxil olmaq üçün dördüncü hakimin yanına yaxınlaşanda “Qəbələ”nin ehtiyat oyunçular skamyasında bir çaxnaşma qopdu ki, gəl görəsən.

İlkin Qırtımov əlindəki plastik su qabını yerə çırpdı, o da təsadüfən qapıçılarla işləyən məşqçi Vüqar Məmmədova dəydi. Düzdür, 33 yaşlı futbolçu az sonra Məmmədovdan üzrxahlıq etdi.

Amma sakitləşmək bilmirdi. Deyinir, danışır, legioner Lukasla gənc Nicat oyuna qoşulduğu halda, özünə şans verilməməsinə görə kəskin etiraz edirdi.

1-2 dəqiqə səs-küy salandan sonra çıxış yolunu texniki zonanı tərk etməkdə gördü. Hakimin final fitini gözləmədi. Meydanın kənarı ilə hərəkətlənib paltardəyişmə otağına üz tutdu.

Təcrübəli futbolçunun oynamaq istəyi anlaşılandır. Amma etirazını bu formada bildirmək heç bir halda qəbul oluna bilməz.

Əvvəla, onun etdiklərini gənc futbolçular görür və bu, onlar üçün xoşagəlməz nümunədir. Sabah eyni əməli və ya oxşarını digərləri edəcək.

Digər tərəfdən İlkin anlamalıdır ki, komandası vacib oyunlarda uduzub Premyer Liqanı tərk edəndə, mütəmadi şans qazananlardan biri olub.

Yəni “Qəbələ”nin elita ilə vidalaşmasında pay sahiblərindəndir.

Əlbəttə, Lukas Afriko da ondan az səhv etməyib. Sadəcə, baş məşqçi Zurabı əvəzləmək qərarını verəndə, sol cinaha meyilli müdafiəçiyə şans verməliydi deyə, braziliyalını döyüşə atdı.

Hər bir futbolçunun fikrini baş məşqçiyə çatdırmaq, etiraz etmək hüququ var. Amma bunu hamının gördüyü şəkildə, o formada etmək heç bir halda peşəkarlığa sığmır.

İlkin Qırtımov cari Premyer Liqa mövsümündə 34 oyunun 24-də meydanda olub ki, bunların 20-də əsas heyətdə yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"