COP29

"Qəbələ"də qələbələri gətirən gecikmiş QƏRAR

14 May 19:00 Qəbələ 1 048
"Qəbələ"də qələbələri gətirən gecikmiş QƏRAR

"Qəbələ"nin sonuncu yeri tutacağı 32-ci turda doğma meydanda "Kəpəz"ə məğlubiyyətdən (0:1) sonra rəsmiləşdi.

Hər şeyin bitdiyini görən Kaxaber Tsxadadze növbəti turdan - "Səbail"lə səfər oyunundan gənclərlə oynamağa qərar verdi. Əbəs deyil ki, məlum matçda start heyətində eyni anda klubun 6 yetirməsi meydana çıxmışdı. Söhbət 18 yaşlı Eşqin Əhmədov, 19 yaşlı İbrahim Ramazanov, Şahniyar Şahniyarov, 21 yaşlı Emil Səfərov, 22 yaşlı Nicat Əliyev və təcrübəli Urfan Abbasovdan gedir. 20 yaşlı Emil Süleymanov isə son dəqiqələrdə debüt etmək imkanı əldə etdi.

Həqiqətən, ürəkaçan, sevindirici görüntüdür.

Bir Premyer Liqa klubunun heyətində bu qədər yetirməsini görmək.

"Qırmızı qaralar"la bağlı belə halın nə vaxtsa yaşandığını xatırlamıram.

Və adıçəkilən gənclər ilk gündən əsas komandanı təcrübə meydanına çevirmədilər.

Əksinə, üzərlərində haqqı olan kluba fayda vermələri ilə yadda qaldılar.

Belə ki, Bayıl səfərində qazanılan qələbədə (2:1) onların əməyi danılmazdı.

Bu, 2024-cü ildə qazanılan ilk 3 xal kimi tarixə düşdü.

Gənclərin oynamasının effek verdiyini əyani görən gürcüstanlı çalışdırıcı son turda "Sabah" önünə də onlarla çıxdı.

"Səbail"lə oyundan fərqli olarq bu dəfə akademiya yetirmələrindən İbrahim Ramazanov, Eşqin Əhmədov, Urfan Abbbasov, Murad Musayev, Emil Səfərov əsas heyətdə, Şahin Şahniyarov, Nicat Əliyev isə ehtiyatdan oyuna qoşuldular.

Bu dəfə onların da köməyilə avrokuboklar üçün mübarizə aparan "Sabah" əliboş yola salındı - 2:0.

Özü də məğlub edilən hər iki rəqib üçün 3 xal hava-su kimi vacib idi. Belədə əldə olunan uğurun dəyəri də böyümüş olur.

Deməli, bu addımı daha erkən atmaq da olardı.

Nəticələrlə bərabər oyun da onu göstərir ki, gənclər bunu çoxdan haqq edirmiş.

Qərar zamanında verilsə, bəlkə də bu gün "Qəbələ" yox, başqa komandanın Premyer Liqanı tərk edəcəyi barədə müzakirə aparırdıq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti