Kapitanın fikirləri bölgə klubunda əbədləşdirilsin - TƏKLİF

11 Aprel 16:00 Qəbələ 467
Kapitanın fikirləri bölgə klubunda əbədləşdirilsin - TƏKLİF

“Qəbələ” Birinci Liqanın nəfəsini hiss etməkdədir.

Bərbad mövsüm keçirən komandada sona yaxın bütün əsəblər tarıma çəkilib.

Artıq kapitan da əsəblərinə hakim ola bilmir.

O, “Zirə”yə darmadağınla məğlubiyyətdən (0:4) sonra mətbuata açıqlamasında yoldaşları ilə bağlı çox sərt fikirlər səsləndirib:

SİTAT: “Futbolçu da başa düşməlidir ki, yeni mövsümdə yaxşı klubda çıxış etmək istəyirsə, ən azından ona görə oynamalıdır. Hansısa klub onun oyunlarını izləyir. Əgər futbolçular bunu da düşünmürsə, deməli, onlarda məsuliyyətsizlik var. Əgər belə də deyilsə, onda elə olanı budur. Yəni keyfiyyətləri bura qədərdir. Ayağı top tutan istənilən adam bəzən yaxşı futbol oynayır. Biz də hərdən yaxşı oynayırıq. Deməli, futbolçuların ya keyfiyyəti budur, ya da oyuna məsuliyyətlə yanaşmırlar. Şəxsən mən baş məşqçi olsam və “Qəbələ”nin oyununa baxsam, demək olar ki, heç bir futbolçunu komandama götürmərəm. Futbolçu heç olmasa özündən ötrü oynamalıdır. Bizdə hazırda heç bu da yoxdur. Belə çıxır ki, futbolçular klub bir yana, heç özlərini də düşünmürlər.

Guya bu futbolçular nə etdi ki, onları Birinci Liqaya gedəndə də qoruyub saxlayasan? Bu futbolçuların nəyini qoruyasan ki? O futbolçuları qoruyarsan ki, komandadan ötrü canını verər. Bu futbolçularla düşürük də 1-ci liqaya. Onsuz da, “Qəbələ” Premyer Liqada qalsa, bu futbolçuların 99 faizi burada olmayacaqdı”.

Məmmədovun fikirlərinə necə haqq verməyəsən axı?

Ötənil indiki büdcə ilə eyni, bəlkə də daha aşağısı ilə qurulmuş heyətin mübarizə əzminə baxın, bir də builkinə.

Fərq yerlə-göy qədərdir.

İndiki futbolçular nə aldıqları puldan utanır, nə geyindikləri formadan. Asif deməli, heç öz adlarından da utanmırlar. Xaraktersizliyin dibi yəni.

Məncə, olanlara sakit yanaşmaq olmaz. Necə ki, Asif də yanaşmadı.

Onun ürəyini boşaltdığı fikirlər, yəqin ki, klubda vicdanla çalışan, oynayan hər kəsin qəlbində yer alıb.

Sadəcə Asif özündə cəsarət tapıb, açıq-aşkar sifətlərinə dedi.

Düşünürəm ki, bu da azdı.

Məsələn, onun fikirləri yer alan bir ramkanı klubun bazasında hər kəsin görəcəyi yerdə yerləşdirmək olar. Axı bu heyət klub tarixinin ən bərbad futbolçularına sahibdir. İndiki heyət iki dəfə Avropa Liqasının qruplarında oynayan komandanın aşağı liqaya yuvarlanmasına bais olanlardı.

Futbolda isə təkcə qəhrəmanların yox, elə belə bacarıqsızların da adı adı tarixə həkk olur, əbədiləşdirilir.

Qoy, klubun gələcək üzvləri də kapitanın haqlı fikirlərini oxuyaraq, klubun tarixinə qara həriflərlə adını yazdırmış futbolçuları tanımış olsunlar. Bəlkə, indikilərin də incə tellərinə toxunar, təsir edər. Ən azı gələcək karyeralarında faydası dəymiş olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti