Azərbaycan klubunu səssiz-səmirsiz dağıdanlar indi harda gizlənib?

5 Aprel 17:00 Qəbələ 1 172
Azərbaycan klubunu səssiz-səmirsiz dağıdanlar indi harda gizlənib?

"Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır".

Bu fikirləri "Neftçi"yə məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze səsləndirib.

Biri bu adama başa salsın ki, mövsümün ta birinci oyunundan sənin indi dediyin həqiqəti hamımız yaxşı görürük.

Ona görə də bu komandanın probleminin Elmar Baxşıyev olmadığını əksəriyyət açıqca səsləndirirdi.

Adamın oynatdığı futboldan hamı ağızdolusu danışırdı.

Hələ sən nə görmüsən ki...

Mövsümün əvvəli "Qəbələ" daha dinamik, daha baxımlı futbolla hər kəsi özünə cəlb etmişdi.

Ortada bir məşqçi sistemi, işi vardı.

Problem isə icraçılarda idi.

Məhz həmin icraçılar gəlib-gəlib qapının ağzında bütün fürsətləri dağa-daşa dağıdırdılar.

Məhz sizin dediyiniz keyfiyyətin yoxluğuna görə.

Keyfiyyəti ortaya qoyan oğlanları isə ötən mövsümün sonu birini 500 manat, digərini 1000 manata görə incidib Qəbələdən didərgin saldılar. Sonu da belə.

Kimsə sinəsini qabağa verib, məsuliyyətini üzərinə götürmədi. Demədi ki, Elmar müəllimdə günah yoxdur, yayda heyəti səssiz-səmirsiz dağıdan biz olduq, o, yox.

Hərə öz xan kefinə davam etdi. Ortada qalan da gənc mütəxəssis oldu.

Yekunda Baxşıyevi də layiq olmadığı formada yola saldılar.

Ay Kaxa, sizi də Gürcüstandan bura ona görə gətirdilər ki, o bacarmadı, siz bu komandadan olmayan keyfiyyəti qoparasız.

Axı özünüz demişdiz ki, komandanın oyunlarını izləyib qərar vermişəm.

Yəqin ki, o keyfiyyəti qoparacağınıza əmin olmusunuz ki, tullana-tullana qaçıb gəlmisiz Azərbaycana.

Bu meydan, bu da siz.

Göstər fərasətini, cənab Kaxa.

Daha hər mətbuat konfransında ağlamaq nəyə, kimə lazımdır?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti