Özünü günahkar görüb, çıxış yolu göstərdi: “İnana bilmirəm”

20 Mart 19:00 Qəbələ 447
Özünü günahkar görüb, çıxış yolu göstərdi: “İnana bilmirəm”

“Qəbələ” növbəti şansdan yararlana bilmədi.

Bölgə təmsilçisinin Premyer Liqada qalmaq uğrunda qalmaq uğrunda əsas rəqibi “Kəpəz” “Zirə”yə məğlub olmuşdu, rəqibi “Araz-Naxçıvan” isə 59-cu dəqiqədən etibarən azlıqda qalmışdı.

Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv naxçıvanlıları udsaydı, “Kəpəz”lə xal fərqi 9-a enəcəkdi. Alınmadı.

Sportinfo.az-a müsahibə verən Əyyub Allaş matçla bağlı fikirlərini bildirib, komandadakı hazırkı durumdan söz açıb.

- Bundan yaxşı imkan ola bilməzdi. Azlıqda qalan “Araz-Naxçıvan”ı məğlub edə bilmədiniz.

- Bəli, udmalıydıq, bacarmadıq. Təkcə mənim iki real qol imkanım olsa da, vura bilmədim. Ən azından birini qola çevirməliydim. Qələbə qazanmaq üçün qol vurmalıydıq, onu da bacarmadıq. Daha doğrusu, bacarmadım.

- Sən və komanda yoldaşların illərin təcrübəsinə sahibsiniz. Həlledici anlarda nə baş verir? Niyə qol şanslarından yararlana bilmirsiniz?

- Bunun başlıca səbəbi sonuncu pillədə yer almağımızla bağlıdır. Tək futbolçuda yox, istənilən adamla həyəcan və tələskənlik olanda istədiyini tam şəkildə edə bilmir. Qol fürsəti yarananda fərqlənmək üçün alışıb-yanıram deyə, sonluq belə alınır. O imkanları boşa verdiyimə özüm də inana bilmirəm.

- Tsxadadze oyundan sonra sənə və sizə nə dedi?

- Çox əsəbi idi, bu da normaldır. Döyüşürük, mübarizə aparırıq, hər şey yaxşı gedir. Yekunda ya qol imkanlarından yararlana bilmirik, ya da hansısa epizodda səhv edirik.

- Matçdan öncə “Kəpəz”in uduzduğunu bilirdiniz. Bu fakt sizdə əlavə motivasiya yaratmışdı?

- Mənim üçün vacib olan “Qəbələ”nin nəticələridir, başqa komandaların yox. Öz işimə baxıram, hansı anda nə edirəm, yaxud nə etməliyəm. “Kəpəz” udsa da, uduzsa da, biz qalib gəlməliyik.

- İkinci dövrənin yekununda “Qəbələ”nin elitada qalacağına inandığını demişdin. Üçüncü dövrə başa çatdı. Proqnozun dəyişib?

- Bu gün də inanıram və son dəqiqəyə qədər inanmaqda davam edəcəyəm. Komandamızın potensialı və sərgilədiyi oyun inanmağıma əsas verir. Sadəcə, şans da tərəfimizdə olmalıdır. Bir oyun udsaq, əminəm ki, davamını gətirəcəyik. Çiyinlərimi vaxtından əvvəl yerə qoyan adam deyiləm. Sona qədər döyüşməyi sevirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!