Hamı qaçdı, ortaya bir nəfər çıxdı, danışdı, şərh verməyi bizə buraxdı

10 Mart 23:45 Qəbələ 431
Hamı qaçdı, ortaya bir nəfər çıxdı, danışdı, şərh verməyi bizə buraxdı

“Qəbələ” Kaxaber Tsxadadzenin rəhbərliyi altında ardıcıl üçüncü oyunda məğlub oldu.

Bölgə təmsilçisi çox sayda qol imkanları yaratmasına baxmayaraq, “Sabah”a uduzdu – 1:2.

Oyun başa çatandan sonra ənənəyə sadiq qalan bir çox futbolçular müsahibə və açıqlama verməkdən boyun qaçırsalar da, Bilel Auaşeriya sinəsini önə verdi.

- Yenə məğlub oldunuz. Xal qazanmaq üçün nə çatmadı?

- İnanın, əhvalım yerində deyil. Nə deyəcəyimi, necə şərh verəcəyimi bilmirəm. Oyuna baxdınız, özünüz də gördüyünüz ki, topa nəzarət bizdəydi. Nə qədər qol imkanları yaxaladıq, amma dəyərləndirə bilmədik. Dominant futbol oynadığımız halda da uduzuruq. Ən azı 1 xala layiq idik. Hər şey bir tərəfə, çəkdiyimiz əziyyətə, “Qəbələ”nin sonuncu pillədə olmasına heyfim gəlir.

- “Kəpəz”lə “Qəbələ” arasındakı xal fərqi 12-yə qalxdı ki, bu, az fərq deyil. Bundan sonra nə etmək fikrindəsiniz?

- Real danışmalıyıq, 12 xal həqiqətən böyük fərqdir. Amma həyatda mümkünsüz heç nəyin olmadığını da unutmamalıyıq. 1 faiz də şansımız varsa, ondan yapışmalıyıq. Qarşıdakı 10 oyun mümkün 30 xal deməkdir. Buradayıqsa, ailəmizə çörək qazanırıqsa, yeri gələndə meydanda can verəcəyik.

- Etiraf edək ki, “Kəpəz”in sərgilədiyi oyunu və əldə etdiyi nəticələri düşünəndə, “Qəbələ”nin sonuncu pilləni tərk etməsi möcüzə görünür.

- Qarşıda 2 aydan çox vaxtımız var. Vəziyyətdən çıxmaq üçün oturub düşünməliyik, dəyişikliklər axtarmalıyıq. Bilirəm, çox-çox çətin durumdayıq. Bəlkə də sonuncu pillədən qurtulmağımız möcüzə kimi görünür. Möcüzə də olsa, həyata keçirməyə çalışacağıq.

- Kaxaber Tsxadadze mətbuat konfranslarında bəzi futbolçuların səviyyəsinin aşağı olduğunu qeyd edir. Bu, sənə də aiddir?

- Siz həm jurnalist, həm də mütəxəssissiniz. Həmçinin də bizi izləyən azarkeşlər var. Oyunlara baxırsınız, əgər o sözlərin mənə aid olduğunu düşünürsünüzsə, deməli, elədir. Baş məşqçinin dediklərinə münasibət bildirmək istəmirəm. Düzünü siz bilirsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!