Tale Heydərovun yaratdığı dəbdəbənin miskin sonu – KLUBU ÇÖKÜR!

10 Mart 02:00 Qəbələ 1 421
Tale Heydərovun yaratdığı dəbdəbənin miskin sonu – KLUBU ÇÖKÜR!

Keçirilmə tarixi 30 ili keçən müstəqil milli çempionatlarımızda hər cür rəhbərlərə rast gəlmişik.

Şəmkir əhli rəhmətlik Saşanı ehtiramla anır, yevlaxlılar isə Cavanşir Şirəliyevin prezidenti olduğu "Karvan"ı xoş xatirələrlə yada salır.

Cənub bölgəsinin camaatı Mübariz Mənsimovun, yolu "Bakı"dan düşmüş hər kəs Hafiz Məmmədovun səxavətindən danışır.

Çoxunun adını çəkmək olar. Bu illər ərzində Azərbaycan futbolunda ad qoyan rəhbərlər az olmayıb.

"Qəbələ"nin keçmiş prezidenti Tale Heydərov da ölkə futbolu üçün az etməyib. Elə, bir ara hər il keçirdikləri "Gabala Cup" turnirini xatırlamaq kifayətdir. Avropanın ən güclü klublarının uşaq komandalarının Qəbələyə gəlib səviyyəli turnirlərdə iştirakı bizim üçün böyük hadisə idi. Təəssüf ki, Azərbaycan futbolunun əksər bəlalarının səbəbkarı o vaxtkı baş katib Elxan Məmmədov "Qəbələ"yə qarşı da ziyan vericilik etmişdi. AFFA-nın təşkil etdiyi "Caspian Cup" turnirini gətirib məhz "Gabala Cup" ilə eyni vaxta salması təsadüf deyildi. Nə isə, bunlar artıq keçmişdə qaldı...

Keçmişdə qalanlardan biri də o vaxtkı "Qəbələ"nin əzəmətidir. İki dəfə ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən, ölkədə ən yaxşı infrastruktura və uşaq futbol akademiyasına sahib olan "Qəbələ" indi "ölüm ayağındadır". Bu gün "Sabah"a uduzan "Qəbələ" ilə ona ən yaxın olan "Kəpəz" arasında xal fərqi 12-ə çatıb. Riyazi cəhətdən 10 tura bu fərqi aradan qaldırmaq mümkündür. Lakin məsələyə real yanaşsaq, bir tərəfdən "Kəpəz" belə oyunla növbəti xallarını toplaya biləcək, o biri tərəfdən isə "Qəbələ"nin belə oyunla çox xal yığması inandırıcı gəlmir adama.

"Qəbələ"nin əvvəlki vaxtlardakı kimi çıxış etməsinə imkan verməyən əsas səbəblərdən biri maliyyə durumudur. Büdcəsi azalandan sonra avrokuboklarda qruplara düşməsi, çempionluq mübarizəsinin içində olması real deyildi. Lakin "Qəbələ" son illərdə məhdud imkanlara rəğmən ölkə kubokunu qazanmağı, avrokubok iştirakçıları arasında olmağı bacarırdı.

Bu mövsüm hər şey tərs getdi. Son pilləyə enən "Qəbələ" turlar keçdikcə çox dibə yuvarlandı. Onlarla müqayisədə daha cəld tərpənən "Kəpəz" qış fasiləsinə qədər məşqçi dəyişikliyinə getdi və vəziyyəti düzəldə bildi. "Qəbələ" Elmar Baxşıyevə ümid etdi, klubun prezidenti Fariz Nəcəfov qərarı çox yubatdı, nəticəsi də göz qabağındadır. Kaxaber Sxadadze kimi təcrübəli mütəxəssis də axarı dəyişə bilmir. "Qəbələ" uduza-uduza gedir.

Rəhbərliyin yeganə ümidi Premyer Liqada komanda sayının artması və "Qəbələ"yə güzəşt olunmasınadır. Ancaq çətin. Çünki reqlament ötən ildən işləməyə başlayıb. Premyer Liqaya aşağıdan üç klub gəlsə də, reqlamentə görə biri elitanı tərk edəcək (sportal.az).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!