Bölgə klubunun zirvədən zirzəmiyə SÜRƏTLİ ENİŞİ

9 Mart 17:00 Qəbələ 572
Bölgə klubunun zirvədən zirzəmiyə SÜRƏTLİ ENİŞİ

"Qəbələ" özü öz "qələmini qırdı" deyə bilərik.

25-ci turda "Səbail"lə 2:3 uduzan bölgə klubunu indi sonuncu yerdə gedən "Kəpəz"dən nə az, nə çox 11 xal ayırır.

Finişə isə cəmi 11 tur qalır.

Möcüzə baş verməsə, növbəti mövsüm bu komandanı aşağı liqada izləməli olacağıq.

Nə qədər ağır olsa da...

Bayıl təmsilçisi ilə oyun bir daha göstərdi ki, klubda problem sabiq baş məşqçi Elmar Baxşıyev deyildi.

Ən böyük problem meydandakı məsuliyyətsiz futbolçulardı.

Komanda 2:0 öndədi, hər şey yolunda gedir kimi görünür.

Azarkeşlər uzun aradan sonra qələbə sevinci yaşamağa hazırlaşır.

Məşqçilər korpusu fasilədə verəcəyi tapşırıqların planını qurur.

Hətta bir qədər qabağa gedib növbəti matçın planlarını da qurmaq olar.

Amma Kristof Atanqana, Lukas Afriko ikilisi sanki "biz ölməmişik ki, siz qələbə qazana biləsiniz" - deyərək səhnəyə çıxırlar.

Birinci yalnış yerə səliqəsiz top ötürür, ikincinin ondan da betər səliqəsiz davranışı qırmızı vərəqəni vacib edir.

Eynən Baxşıyevin dönəmində olduğu kimi.

29 yaşlı braziliyalı özünü yeniyetmə uşaq kimi aparır.

Hələ məsuliyyət sözünün "m"sından xəbərsiz Atanqananı demirəm.

Bütün bunlar bir daha əsas verir deməyə ki, Baxşıyevi Kaxa ilə yox, lap Qvardiola ilə əvəzləsən də belə futbolçularla "Qəbələ"də ciddi nəsə dəyişəsi deyil.

Bu "Qəbələ"nin dərdinin dərmanı ötən yayda qaldı.

Heyətin bütün onurğa sütunu pərən-pərən salınanda ən azı arasından 2-3 sanballı simanı klubda saxlamaq lazım idi.

O halda indi zirzəmidə yox, avrokuboklar üçün mübarizə aparan "Qəbələ" görə bilərdik.

Heç hansısa gürcüyə də gərək qalmazdı, elə Baxşıyevlə.

Son ölkə kubokunun qalibi olan mütəxəssis də günahsız deyil.

Çox humanist mövqe tutdu. Sayğı duyduğu rəhbərliyin hər qərarına həlim münasibət bəslədi.

Bu da nəticəsi.

Gərək hansısa məqamda iki ayağını bir başmağa dirəyib, həmin 2-3 nəfərin qalması üçün mücadilə edərdi.

Gedənlər bu klubun qəbrini qazdısa, gələnlər də gözünün yaşına baxmadan dəfn etməklə məşğuldur.

İndi isə artıq gecdir. Zamanı geri qaytarmaq, səhvləri düzəltmək mümkünsüzdür.

Çarə gedib Birinci Liqada oynamaq, qazanmaq və geri qayıtmaqdır. Təbii ki, olanlardan dərs çıxırmaq şərtilə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!