Batmaq üzrə olan "Qəbələ"nin bir yolu qaldı…

5 Mart 14:40 Qəbələ 1 172
Batmaq üzrə olan "Qəbələ"nin bir yolu qaldı…

Kaxaber Sxadadzenin gəlişindən çox şey gözlənilirdi. «Qəbələ» rəhbərliyi ondan gözləntilərini hələlik ala bilmir.

Gürcü komandanı artıq iki oyuna çıxarıb. İkisi də Qəbələdə. Birincisi «Qarabağ»a, ikincisi «Səbail»ə qarşı.

«Qəbələ» doğma rayonunun azsaylı futbolsevərinin gözü önündə iki oyunu da məğlub bitirdi. İkisində də qapısında 3 qol görərək.

«Qəbələ» bu oyunların birinci hissəsini uduzmadı. Yalnız fasilədən sonra məğlubiyyətin acısını yaşadılar. İkisində də qırmızı vərəqə alaraq.

«Qarabağ»a yenilgi anlaşılandır. Gəlişinin üçüncü günü Azərbaycanın ən güclü komandasına qarşı oyuna çıxmaq Kaxanın bəxtsizliyidir.

Rəqib bir başqası olsaydı, bəlkə də start bu cür faciəvi alınmayacaqdı. Abu-Akal Ferasın «qırmızı»sı ilə darmadağına məruz qaldılar. «Səbail»lə oyunu isə Lukas Afriko korladı.

2:0 hesabıyla önə çıxdıqları mücadiləni 2:3 başa vurmaq dəhşətli hissdir. Kaxanın ona nə deyəcəyi braziliyalı müdafiəçinin vecinə gəlməz.

Çün o, meydandan kənarlaşdırıldığı anda dünya-aləm vecinə də deyildi. Komanda yoldaşları əlləri ilə üzlərini, başlarını tutduğu halda, Afriko baş hakimin qərarını çox sakit qarşıladı, heç nə olmamış kimi paltardəyişmə otağının yolunu tutdu.

Bu, «Qəbələ»nin sonudur. Premyer Liqada mövsümün bitiminə 11 tur qalıb. «Kəpəz»lə aradakı xal fərqi də 11-dir.

«Qəbələ»nin önümüzdəki həftələrdə bu boyda fərqi aradan qaldırması qətiyyən inandırıcı deyil.

Elmar Baxşıyevi istefaya göndərməyə gecikən rəhbərlik indi yaxşı-yaxşı fikirləşsin: komandanın bu duruma yaxalanmasının başlıca günahkarı özləridir.

Ziyanın yarısından dönmək isə yenə mümkündür. Necə? Çox sadə! Sayı 11-ə çatan legionerlərlə bir-bir danışıb, onları müqavilələrə vaxtından əvvəl, qarşılıqlı razılaşma əsasında xitam verilməsinə razı salmaq.

Bunu necəsə etsinlər, day vaxt itirməsinlər. I Liqanın qapıları «Qəbələ»nin üzünə taybatay açılıb, dönüşü olmayan bir qara zolağa giriblər onsuz.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti